Elina Hacıyevanın işi: Məktəb direktoru haqqında qərar qüvvədə saxlanıldı [video]

Sevinc Abbasova Apellyasiya Məhkəməsinə gəlib

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə E.Hacıyevanın ailəsinin 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova haqqında həbs qərarı seçilməsi üçün verilən şikayətə baxılıb.

Qısa sürən müşavirədən sonra şikayətin təmin olunmadığı elan olunub. Keçmiş Məktəb direktoru haqqında istintaq dövründə ev dustaqlığı müddətinin uzadılması ilə bağlı ilkin instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Elina Hacıyevanın hüquqlarını qoruyan vəkillərin Abzas-a açıqlamasına görə, Apellyasiya Məhkəməsinin bu qərarı qətidir, ona görə ondan şikayət etmək mümkün deyil.

4 aprel 2019-cu il tarixdə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü sözügedən məktəbin üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə 162 nömrəli tam orta məktəbin direktoru S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

11 iyul 2019-cu il tarixdə Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib, 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.