Estoniya Donetski sakinlərinə Rusiya tərəfindən verilən pasportları tanımayacaq

Estoniya Ukraynanın işğal olunmuş Luqansk və Donetsk regionlarının rus pasportu almış sakinlərinin pasportunu tanımayacaq. Bu haqda Estoniya Xarici İşlər Nazirliyi mətbuata məlumat verib.

Estoniya Xarici İşlər Naziri Urmas Reynsalu deyib ki, bu Vladimir Putinin aprel ayında Donetski və Luqanski əhalisinə Rusiya pasportu verməklə bağlı imzaladığı fərmanına cavab tədbiridir.

“Bu addımımız Ukraynanın müstəqilliyini dəstəkləmək və regionda stabil vəziyyəti qorumaq üçün atılıb. Bu Minsk razılaşmasının ruhuna tam uyğundur” – deyə nazir bəyan edib.

Estoniya bundan öncə Rusiyanın Krım və Sevastopol  sakinlərinə Rusiya tərəfindən 2014-cü ilin martından verilməyə başlayan pasportları da tanımayacağını bəyan etmişdi.