Gəncə işində yenə müttəhimlər işgəncələrdən danışıb

Gəncə hadisələrinə görə həbs olunmuş daha 7 nəfərin cəzası azaldıla bilər. Prokuror məhkəmədə bu təkliflə çıxış edib.

Söhbət Qənbər Qarazadə, İsa Məhərrəmov, Zabil Məmmədov, Alim Yusifov, Aydın Rüstəmov, Yavər İsmayılzadə və Elvin Əliyevdən gedir.

Bir həftə öncə Gəncə hadisələriylə bağlı 11-nəfərlik başqa bir qrupun işində olduğu kimi burada da prokuror ittihamın yüngülləşdirilməsini – CM-in 315.2 maddəsindən 315.1-ə tövsif edilməsini uyğun sayıb.

Azadlıq Radiosunun məlumatına görə, bu maddənin birinci bəndində hakimiyyət nümayəndəsinə (bu hadisələrdə polisə-red.) müqavimət göstərmə, zor tətbiq etməyə görə, ikinci bəndində isə həm də həyat və sağlamlıq üçün təhlükəli xəsarət yetirmə, zorakılığa görə məsuliyyət nəzərdə tutulub. Cəza müddətləri də fərqlidir.

Prokuror CM-in 220.1 (kütləvi iğtişaşların təşkili, iştirak etmə) maddəsiylə verilən ittihamın isə olduğu kimi saxlanmasını istəyib. O iddia edib ki, təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib.

Bu 7-nəfərlik qrupdan Y.İsmayılzadə 9 il, Z.Məmmədov 8 il 6 ay, İ.Məhərrəmzadə 8 il, A.YusifovQ.Qarazadə 7 il 6 ay, E.ƏliyevA.Rüstəmov isə 6 il həbs cəzası alıb. Prokuror bu cəza müddətlərinin 4 il 6 ay-5 il 6 ay azaldılmasını təklif edib. Təqsirləndirilən şəxslərdən E.Əliyevə isə 1 il cəza istəyib.

Prokurorun çıxışı məhkəmə zalında olan valideynləri qane etməyib. Onlar prokurora etirazlarını bildiriblər. Deyiblər ki, övladları günahsızdır, nəinki 4-5 il, heç 1 il də həbsdə qalmamalıydı.

Təqsirləndirilən E.Əliyev də etiraz edib. Deyib ki, ittihamlar da, işdəki ekspert rəyləri də saxtadır.

Ekspert rəylərində Gəncə hadisələri zamanı öldürülən, xəsarət alan polislərin paltarlarında həbs olunan şəxslərin şalvar-köynəklərinə aid liflərin aşkarlandığı bildirilir.

«Bizi gecə-gündüz döyürdülər. O qədər döymüşdülər ki, hamımızın qanı bir-birinə qarışmışdı. Hamımızın qanlı paltarlarını eyni yerə tökmüşdülər. Sonra da ekspert rəy verir ki, filankəsin paltarında filankəsin paltarının lifi tapılıb», – təqsirləndirilən E.Əliyev belə deyib.

Bu iş üzrə məhkəmə avqustun 8-də davam edəcək.

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.