Gürcüstanda bütün I sinif şagirdlərinə təkmilləşdirilmiş netbuklar veriləcək

Gürcüstanda yeni tədris ilindən etibarən bütün birinci sinif şagirdləri təkmilləşdirilmiş göstəricilərə və texniki imkanlara malik netbuklarla təmin ediləcəklər.

Bu haqda Gürcüstanın təhsil naziri Mixail Batiaşvili ‘PalitraNews’ kanalının efirində məlumat verib.

“Sentyabr ayında, demək olar ki, artıq netbuk hesab olunmayan yeni netbuklar əldə edəcəyik. Bunlar əslində daha çox imkanlara malik, tam təchizatlı kompüterlərdir. Payızdan etibarən, uşaqlar üçün daha çox imkanlar yaradılacaq. İlkin olaraq, biz texniki göstəriciləri təkmilləşdirdik” – Batiaşvili bildirib.

Nazirin sözlərinə görə, ilin sonunadək ölkənin ümumilikdə təxminən 400 dövlət məktəbi simsiz internetlə təchiz olunacaq. Proses gələcəkdə də, Gürcüstanın bütün təhsil müəssisələri simsiz internetlə təmin olunanadək davam edəcəkdir.

Gürcüstan Təhsil Nazirliyi ölkədə “Yeni məktəb modeli” qurur. Bu nümunə hər bir yeniyetməyə öz potensialını reallaşdırmaq və onu 21-ci əsrin tələbi olan bilik və bacarıqlarla əhatələndirmək imkanı verəcək təhsil mühitinin yaradılmasını nəzərdə tutur. Daha çox vaxt bürokratiyaya yox, yaradıcılığa ayrılacaq.

Layihə çərçivəsində həm birinci sinif şagirdlərinə təkmilləşdirilmiş texniki xüsusiyyətlərə malik netbuklar verilir, həm də məktəblər yeni masaüstü kompüterlər və simsiz internetlə təmin olunur.

Gürcüstan məktəblərində hər il təxminən 50 min birinci sinif şagirdinə netbuklar paylanılır.

“İlk kompüterim” adlı dövlət proqramı Gürcüstanda 2010-cu ildən həyata keçirilməyə başlanılıb. Onda yalnız bir neçə məktəb netbuk əldə edib. 2011-ci ildə isə artıq hər birinci sinif şagirdinin masasında netbuk var idi.

Netbuklara gürcü və digər xarici dillərdə müxtəlif dərs proqramları, riyaziyyat və məntiq, sinifdənkənar və məktəb dərslikləri, maarifləndirici oyunlar yüklənilib.