Gürcüstanda demoqrafik çöküş: “Bu il 108 məktəbdə birinci siniflər olmayacaq”

2019-2020-ci dərs ilində Gürcüstanda 108 dövlət məktəbində heç bir birinci sinif şagirdi olmayacaq. Bu haqda “İmedi” telekanalı məlumat yayıb.

Xəbərə görə, demoqrafik problem Abxaziya və Çxinvali (Cənubi Osetiya) regiyonlarındakı, hakimiyyətin nəzarəti altında olmayan yaşayış məntəqələrinin yaxınlığında daha kəskindir.

Təhsil üzrə ekspert Revaz Apxazava deyir ki, bu problem təhsillə əlaqədar deyil. Hara olursa olsun hökümət xalqı keyfiyyətli təhsillə təmin etməlidir.

“Bunun üçün pansionat-məktəblər yaratmaqdan tutmuş, məktəbləri nəqliyyat vasitələriylə təmin etmək, məsafədən təhsilə qədər müxtəlif metodlardan istifadə etmək lazımdır”.

Xatırladaq ki, Gürcüstan höküməti ölkədə “Yeni məktəb modeli”ni tətbiq edir. Bu modelə görə şagirdlərin şəxsi potensiallarını ortaya çıxarması üçün onlara XXI əsr texnologiyaları və metodlarıyla yanaşmaq tələb olunur.

Bununçün gürcü höküməti 2010-cu ildən bəri məktəblərdə “Mənim ilk kompyuterim” adlı layihə həyata keçirilir, yeni məktəbə gələn şagirdlərə içində dərs vəsaitləri olan netbuklar hədiyyə edilir.