İcra başçısı jurnalisti məhkəməyə verib, 3 min manat kompensassiya istəyir

Ötən gün Masallı Rayon Məhkəməsində rayon icra başçısı Rafil Hüseynovun 7GUN az saytının rəhbəri Cavid Şirəliyevə qarşı iddiası üzrə növbəti məhkəmə iclası olub.

Dinləmələr çəkişmə mövzusu olan məqalənin ekspertizasının təyin edilməsi ilə əlaqədar təxirə salınmışdı. Bu barədə Turan-a jurnalist özü məlumat verib.

İddiaçı hesab edir ki, C.Şirəliyev onun şərəf və ləyaqətini təhqir edib, işgüzar reputasiyasına ziyan vurub. O 3 min manat kompensasiya tələb edir.

C.Şirəliyevin sözlərinə görə, iddiaya saytda və Facebook-da Masallı rayonunda rüşvətxorluq, korrupsiya, sosial problemlər, işsizlik haqqında məqalələrin dərci səbəb olub.

Jurnalistə görə, yazılarda rüşvətxorluğun və korrupsiyanın onun rəhbərliyi altında baş verdiyinin göstərilməsi icra başçısının narazılğına sbəb olub.

Bundan əlavə, C.Şirəliyev yazıb ki, rayon icra başçısının oğlu insan ölümü ilə nəticələnən yol qəzası törədib, ancaq məsuliyyətə cəlb edilməyib. Jurnalist bildirib ki, konkret faktlara və sübutlara əsaslanır və məhkəmədə haqlı olduğunu sübut etmək niyyətindədir.

Rayon icra başçısından şərh almaq mümkün olmayıb.