Keçmiş prezident daha iki cinayət işində ittiham olunur

Keçən həftə həbs olunan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev daha iki cinayət işində ittiham olunur. Bu haqda onun vəkili Serqey Slesarov mətbuata deyib.

“Atambayevə qarşı iki torpaq sahəsi ilə bağlı qeyri-qanuni şəkildə əməliyyatlar aparmaq ittihamı ilə yeni cinayət işi açılıb” – deyə vəkil bildirir. Vəkilin sözlərinə görə adıçəkilən fakt üzrə “iki ayrı istintaq qrupu da yaradılıb”.

Serqey Slesarovun sözlərinə görə Atambayev prezidentliyi dövründə Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi və paytaxt Bişkekdə Forum binasının özəlləşdirilməsi zamanı korrupsiyada ittiham olunur.

Slesarovun sözlərinə görə, Atambaev Hərbi Prokurorluğun yeni ittihamların etirafı üzrə sənədlərini imzalamaqdan imtina edib.

Xatırladaq ki, Qırğızıstan hakimiyyəti keçmiş prezident Almazbek Atambayevə yeni ittihamlar irəli sürüb. O, ötən həftə – evinə polis basqınından sonra həbs olunub.

Baş Prokurorluqdan Zamir Beishekeev avqustun 13-də deyib ki, Atambaev hakimiyyət təmsilçisinə qarşı zorakılıqdan istifadədə, kütləvi iğtişaşın təşkilində, adamöldürmə cəhdini planlaşdırmaqda, digər ittihamlarda suçlanır.

Bişkekdə keçirilən eyni mətbuat konfransında Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbaev keçmiş prezidenti dövlət çevrilişi planlaşdırmaqda suçlayıb.