Məhkəmə Əli Kərimlinin qanunsuz saxlanılma ilə bağlı şikayətini təmin etməyib

AXCP sədri Əli Kərimli iyunun 28-də “Həmrəylik marafonu”nda iştirakdan sonra polis tərəfindən saxlanması ilə bağlı məhkəməyə şikayət verib.

Tədbir Müsavat Partiyasının ofisində keçirilib. Məqsəd etiraz aksiyası iştirakçılarının cərimələrinin ödənilməsi üçün vəsait toplanması olub.

Polisdə Ə.Kərimliyə qanunsuz yürüşlərin keçirilməsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib.

İyulun 31-də Bakının Binəqədi Rayon Məhkəməsində Ə.Kərimlinin saxlanması ilə bağlı şikayətinə baxılıb. O, Binəqədi Rayon Polis İdarəsində iki saata yaxın saxlanmasını qanunsuz adlandırıb və bununla da hüquq və azadlıqlarının pozulduğunu bildirib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, müxalifətçinin şikayətində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 11 (yığıncaqlar və birləşmək hüququ), 14 (ayrı-seçkiliyin qadağan olunması) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasından danışılır. Lakin məhkəmə şikayəti təmin etməyib.

Məhkəmənin qərarından apellyasiya instansiyasına şikayət veriləcək