Qəzaya uğramış hərbi təyyarənin qalıqları tapılıb, amma pilotdan hələ xəbər yoxdur

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 qırıcı təyyarəsinin qalıqları avqustun 16-da tapılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən təyyarənin qalıqları tapılıb.

Açıqlamada o da vurğulanır ki, təyyarə qalıqları tapılasa da, qırıcının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin meyitinin və “qara qutu”nun axtarışları davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 9-da da Türkiyə Müdafiə Nazirliyi Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotolarını yayımlamışdı.

Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.

Əvvəlki məqaləAraşdırmaçı jurnalist Hafiz Babalı nüfuzlu media mükafatına layiq görülüb
Növbəti məqalədəTural Məmmədov: “Əli Həsənovun milyonluq villaları hardandır?”