Qəzaya uğrayan MİQ-29 təyyarəsinin “qara qutu”su tapılıb

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutu”su tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutu”nun texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin qalıqlarının axtarılması üçün Türkiyədən Azərbaycana xüsusi qrup gəlib.

Qırıcının qalıqları avqustun 16-da tapılıb. İtkin düşən pilotdan isə hələlik xəbər yoxdu.