Qəzaya uğrayan pilot Rəşad Atakişiyevin cəsədi tapıldı

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb. Bu barədə yayılan xəbərləri pilotun qayınatası Qabil Hüseynli təsdiqləyib.

Qabil Hüseynlinin sözlərinə görə, avqustun 20-də Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

Müdafiə Nazirliyi pilotun cəsədinin tapılmasını təsdiq edib. Nazirliyin məlumatında bildirilir ki, hazırda dəfnin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Pilotla vida mərasimi avqustun 21-i, saat 10:00-da keçiriləcək.

İyulun 24-də saat 22.00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsi qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən təyyarə ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Azərbaycan Hərbi Prokurorluğu MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.

Təyyarənin tapılması üçün Türkiyədən mütəxəssislər cəlb edilmişdi. Avqustun 19-da təyyarənin “qara qutusu” tapılıb.