Rusiyalı ekoloq: ‘Sibirdəki meşə yanğınları payıza qədər davam edəcək’

Rusiya prezidenti yanında ekoloji məsələlərlə bağlı daimi komissiyanın eksperti, ekoloq Qriqori Kuksin rus mətbuatına deyib ki, Sibirdəki meşə yanğınlarını yayın sonlarına qədər söndürmək mümkün olmayacaq.

Onun sözlərinə görə, bir neçə idarənin və çoxlu sayda könüllünün yanğınları söndürməyə cəlb olunmasına baxmayaraq, yanğınları ancaq mövsümi yağışlar söndürə biləcək. Hələliksə Sibirdə yağışlar gözlənilmir.

Rusiya Hidrometrioloji bürosunun elmi rəhbəri Roman Vilfand isə deyib ki, Sibirdə indi hava şərtləri heç də əlverişli deyil. İrkutsk vilayətində yağışlar gözlənilsə də hələlik burda hava quru və istidir.

Sibirdə aprel ayından başlayan yanğınlar Buryatiya, Tuva, İrkutsk, Altay Respublikası, Zabaykalye və Krasnoyarsk diyarlarında tüğyan edir.

Sibirin cənubunda yerləşən Xakasiya ən çox zərər çəkən bölgədir. Burada iki gün ərzində davam edən yanğın nəticəsində 23 adam ölüb, mindən artıq ev yanıb.

Rəsmilərin bildirdiyinə görə, güclü külək və quraqlıqdan yaranan yanğınlar 30 kənd və qəsəbədə 1200 evi məhv edib.