‘Ryanair’ Gürcüstandan aviareyslərə başlayır: AZAL-dan 11 dəfə ucuzdur

İrlandiyanın loukoster ‘Ryanair’ aviaşirkəti Gürcüstandan yeni uçuşlara başlayır. 

Bu gün, avqustun 21-i Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Çoqovadze və Ryanair aviakampaniyasının kommersiya direktoru Devid O’Brayn arasında əməkdaşlıq haqda müqavilə imzalanıb.

Tərəflər Avropa Birliyi ölkələrindəki şəhərlərə 12 birbaşa reysin açılması ilə bağlı qərar qəbul ediblər.

Ryanair rəsmisi O’Brayn deyib ki ucuz reyslər təkcə Kutaisi hava limanından deyil, həm də Tbilisi hava limanından uçacaq.

2019-cu ildən üç yeni istiqamətə Tbilisi-Milan, Kutaisi-Balonya, Kutaisi-Marsel istiqamətində təyyarə reysləri açılacaq, həmçinin 2020-ci ildən Tbilisi-Köln istiqaməyində reyslər də olacaq.

Gürcüstanın Birinci kanalının (1tv.ge) xəbərinə görə, Ryanair-in təşkil etdiyi uçuşlar noyabrdan başlayacaq.

Belə ki, noyabr ayının 6-dan Tbilisi hava limanından Milanın Berqamo hava limanına uçuşlar cəmi 20 avroya, Milandan geriyə, Tbilisiyə isə 27 avroya başa gələcək.

Xatırladaq ki, artıq illərdir Azərbaycanda vətəndaşlar hava nəqliyyatının bahalığından və AZAL-ın hava nəqliyyatında heç bir alternativ lovkost şirkəti Azərbaycana buraxmamasından, hökmran mövqeyini qoruyaraq qiymətləri olduğu kimi saxlamasından şikayətlənirlər.

Məsəlçün, Tbilisidən ‘Ryanair’-lə 20 (bu günə olan məzənnə ilə 38 manat) avroya başa gələcək Milana uçuş, hal-hazırda AZAL-la Bakıdan 443 manata, yəni təqribən 227 avroya başa gəlir. Bu isə qonşu ölkədəki qiymətdən təxminən 11 dəfə bahadır.