Saakaşvili ‘Avqust müharibəsi’ haqda: “Ya ruslara tam təslim olmalıydıq, ya da vuruşmalıydıq”

2008-ci ildə Gürcüstana rus qoşunlarının təcavüzü.

Bu gün, 8 avqust 2008-ci ildə Gürcüstanın Rusiya tərəfindən işğalı və hərbi təcavüzünün 11 ili tamam olur. Qısa sürmüş Avqust müharibəsində Gürcüstan bir neçə yüz əsgər və zabitini, xeyli mülki əhalisini və onlarla kəndini itirib.

Gürcüstan höküməti bu gün “Avqust müharibəsində” həlak olanların anımı münasibətiylə müxtəlif tədbirlər keçirir və hələ də iqtidar nümayəndələri müharibənin başlanılmasında Saakaşvili administrasiyasının diplomatik səhvlərinin rol oynadığını deyirlər.

Saakaşvili özü isə bu gün gürcü mediasına iqtidarın ittihamları ilə bağlı müsahibə verib.

Keçmiş prezident jurnalistin “Müharibə o vaxtkı iqtidarın rus provokasiyasına cavab verməsi üzündənmi, yoxsa Rusiyanın müharibəyə onsuz da başlamaqda məqsədli idimi?” – sualına cavabında provokasiyaya uyması ilə bağlı deyilənləri absurd adlandırıb.

Mixeil Saakaşvili, Gürcüstanın eks prezidenti.

“Xeyr, bu belə deyil. Krım nümunəsi bizə aydın göstərdi ki, cəmi iki ssenari mövcuddur: ya tam təslim olursan, ya da sadəcə vuruşursan. Üçüncü ssenari mövcud deyil. Rus ordusu tam Gürcüstanın içlərinə doğru gəlib gözləyirsə, onda müharibəni kim başlatmış olur?” – deyə keçmiş prezident müsahibəsində bildirir.

Həmçinin, Saakaşvili Rusiyanın qonşu ölkələrə təcavüzündən, bu istiqamətdə dəqiq hazırlanan planların olmasından bəhs edib:

“Onlar deyirlər ki, müharibəni Gürcüstan başlayıb, ancaq müharibə başlamazdan əvvəlcədən orada (Cənubi Asetiya) rus ordusu toplanmışdı. Bu nə deməkdir sizcə? Rusiya adətən qonşu ölkələrin işğalı ilə bağlı çox dəqiq ssenarilər hazırlayır”.

Keçmiş prezident deyib ki, bu spekulyasiya deyildi, əvvəldən planlanmış işğal idi.

“Kokoyta (Cənubi Asetiyanın o vaxtkı de-fakto prezidenti) demişdi ki, “biz vadini quldurlardan təmizləyəcəyik” onların ssenarisinə görə osetin qüvvələri müəyyən yerli əhali qruplarıyla vuruşmalıydı” – deyə Saakaşvili bildirib.