Qarabağın işğalı ilhaq mərhələsinə keçə bilər – Şahin Cəfərli

Şahin Cəfərli

Paşinyanın mesajlarından sonra danışıqlar öz mənasını itirirmi?

2018-ci ilin may inqilabından sonra işğal altındakı Azərbaycan torpaqlarına tez-tez səfərlər edən Nikol Paşinyanın sonuncu səfəri əvvəlkilərdən daha məzmunlu alındı. “VII Ümumerməni Oyunları”nın açılışında iştirak etmək üçün Xankəndinə gedən Ermənistanın hökumət başçısı burada 6 maddəlik manifest açıqladı.

Manifestin mahiyyətini və hədəflərini təhlil etməzdən öncə Paşinyanın Dağlıq Qarabağa xüsusi diqqətinin səbəbləri üzərində qısaca dayanmağa ehtiyac var. Aydındır ki, Qarabağ məsələsi Azərbaycanda olduğu kimi, Ermənistanda da milli məsələ kimi qəbul olunduğu üçün siyasətçilərin, özəlliklə dövləti idarə edənlərin problemi gündəmdə saxlaması alışdığımız praktikadır. Konkret Paşinyanın nümunəsində isə bu məsələ ikiqat önəm daşıyır, çünki onun inqilabına ən böyük təhlükə məhz 20 ildən çox Ermənistanı idarə etmiş qarabağlılardan və bu klanın Dağlıq Qarabağdakı hərbi-siyasi uzantılarından qaynaqlanır. Əlində maddi kapital olan, Dağlıq Qarabağdakı işğal rejimi və onun silahlı dəstələri üzərində təsirə sahib və güclü xarici bağlantılara malik (Rusiya) Qarabağ klanı qısa vaxt ərzində real əksinqilabi təhdidə çevrilə bilər. Ermənistanda iqtidara gəlmiş yeni qüvvə bu təhlükəni neytrallaşdırmadan və Dağlıq Qarabağda öz nəzarətini bərqərar etmədən rahat ola və hakimiyyətini möhkəmlədə bilməz. Paşinyanın Xankəndindəki çıxışına da bu kontekstdə yanaşmaq daha doğru olar. Onun nitqində daxili siyasət konteksti güclüdür. Eyni zamanda, “ümumerməni konsensusu və birliyi”nə dair açıqladığı manifest bu şəxsin ambisiyalarından xəbər verir.

 

 

 

 

 

 

 

Paşinyan 2018-ci il may inqilabının təkcə Ermənistanla məhdudlaşmadığını və bütün erməniliyi əhatə etdiyini söyləməklə bu hadisənin önəmini böyüdür, ona yeni anlamlar yükləyir.

“İnqilabın dəyərləri ümumerməni dəyərləridir və ardıcıl şəkildə institutlaşdırılmalıdır” sözləri göstərir ki, Paşinyan özünü bütün ermənilərin lideri qismində “Ermənistan-Dağlıq Qarabağ-Diaspora triadası”na qəbul etdirmək istəyir. Manifestin ilk maddəsi kimi (Birinci konsensus) ermənilər daxilindəki bütün mübahisələrin həllində zorakılıqdan imtinanı irəli sürməsi onun qısır daxili siyasi dartışmaların fövqündə dayanmaq istəyindən xəbər verir. Bu, həm də hakimiyyət uğrunda mübarizənin zorakılıq müstəvisinə keçməsini əngəlləmək və demokratik seçki institutunu oturtmaq niyyətindən irəli gəlir. Məqsəd əksinqilabçı-revanşist qüvvələrin qeyri-legitim yollarla iqtidara gəlmək şansını aradan qaldırmaqdır.

İkinci konsensus birincinin məntiqi davamından ibarətdir. Xalq və onun öz iradəsini azad şəkildə ifadə etməsi hakimiyyətin formalaşmasının yeganə mənbəyi kimi göstərilir. Xalqın iradəsinin təhrif olunmasına yönəlmiş cəhdləri Paşinyan antixalq, antidövlət xarakterli fəaliyyət kimi xarakterizə edir. Burada əsasən Dağlıq Qarabağda gələn il keçiriləcək prezident və parlament “seçkiləri” nəzərdə tutulur. Paşinyanın məqsədi Koçaryan-Sarkisyan klanına yaxın olan Saakyan rejiminin seçkilərin nəticələrinə təsirlərinin qarşısını almaqdır. Məsələn, o, seçkilərdə namizəd olmayacağını açıqlamış Bako Saakyanı Vitali Balasanyan tipli şəxslərin əvəz etməsini istəmir və öz adamını bu posta seçdirməkdə maraqlıdır ki, bir gözü və bir ayağı daim Dağlıq Qarabağda qalmasın, diqqətini Ermənistan daxilindəki islahatlara yönəltsin. (Əgər belə bir proqramı varsa.)

Paşinyanın Üçüncü konsensus kimi qeyd etdiyi prinsip ermənilərin daxili məsələlərinin həllinə xarici qüvvələrin cəlb olunmasını istisna edir. Burada Moskvaya üstüörtülü mesaj var. Çünki ermənilər daxilindəki məsələlərə ən çox müdaxilə edən xarici güc məhz Rusiyadır. Ermənidaxili mübahisələrdə tərəf tutduğu üçün Rusiyanın müdaxiləsi Paşinyan və onun ardıcılları üçün arzuolunmazdır.

Dördüncü konsensus dövləti və toplumu içəridən çürüdən korrupsiyanın bütün təzahürlərinin yolverilməzliyi barədidir.

inqErmənistan baş naziri Nikol Paşinyan Qarabağ erməniləri qarşısında çıxış edir.Beşinci konsensusda da Moskvaya mesaj var. Qeyd olunur ki, xarici təsirə məruz qalan məhkəmələr milli təhlükəsizliyə təhdiddir. İstər-istəməz ötən aylarda Ermənistanda məhkəmələrin Robert Koçaryan lehinə verdikləri qərarlar və buna qarşı Paşinyanın inqilabın ikinci mərhələsini elan edərək öz tərəfdarlarını məhkəmə binalarını mühasirəyə almaq çağırışı yada düşür. Nəzarətdənkənar məhkəmə hakimiyyəti əksinqilab üçün tramplin rolunu oynaya bilər və yeni hökumət başçısı bu potensial təhlükəni aradan qaldırmaq istəyir.

Sonuncu – Altıncı konsensus kimi Paşinyanın qeyd etdiyi məsələ daxili siyasətlə bağlı olmaqla birlikdə həm də birbaşa Azərbaycanın maraqlarına, ərazi bütövlüyünə qarşı yönəlib. O, “Qarabağdakı milli azadlıq mübarizəsinin nailiyyətlərinin müdafiəsi”nin önəmini vurğulamaqla bir tərəfdən işğalın davam etdiriləcəyinə, digər tərəfdən isə Qarabağ kartının öz düşmənlərinin əlinə keçməsinə imkan verməyəcəyinə işarə vurur. “Qarabağ Ermənistandır” sözləri də həm daxilə, həm xaricə mesajdır, Paşinyan opponentlərinə, eləcə də bütün ermənilərə nümayiş etdiri ki, yeri gələndə Qarabağ məsələsində ən radikal mövqe sərgiləməkdən çəkinməyəcək. Eyni zamanda, bu bəyanat işğalın ilhaq mərhələsinə keçməsi təhlükəsinin real olduğunu göstərir ki, bu da Azərbaycan üçün həyəcan siqnalıdır. Əgər Ermənistanın rəsmi mövqeyi belədirsə, bunun anlamı masanı devirmək və sülh anlaşması ehtimalını heçə endirməkdir. Dağlıq Qarabağı Ermənistan ərazisi sayan, heç bir güzəştə hazır olmayan bir ölkə və liderlə danışıqları davam etdirməyin məqəsədəuyğunluğu üzərində ciddi düşünmək və bunu vasitəçi dövlətlərin nəzərinə çatdırmaq lazımdır.

Şahin Cəfərli, politoloq