“SOCAR” “Rəsulzadə” gəmisi ilə toqquşan gəminin onlara aid olmadığını bəyan edib

Ukraynaya məxsus "Doric Warrior" gəmisi.

“Palmali” şirkətinə məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşmada adı çəkilən “Doric Warrior” gəmisinin “SOCAR Ukrayna” ilə heç bir əlaqəsi yoxdur.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov söyləyib. O vurğulayıb ki, hadisə ilə bağlı SOCAR-ın adının çəkilməsi əsassızdır:

“Gəmilərin toqquşması hadisəsinin SOCAR-la əlaqələndirmək cəhdləri Azərbaycan dövlətçiliyinə qarşı yönəldirilmiş, həqiqətdən və məntiqdən uzaq olan təxribatdır”.

Qeyd edək ki, avqustun 14-nə keçən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan “Palmali” şirkətlər qrupuna məxsus “MAMMAD AMİN RASULZADE” gəmisi İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub.

Məhəmməd Əmin Rəsulzadə gəmisi.

Səs-küyə səbəb olan hadisə haqqında Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şəbnəm Karslı araşdırma aparıb. O, Dövlət Neft Şirkətinin bu hadisə ilə bağlılığının olduğunu ifadə edib:

““Doric Warrior” gəmisi Ocean Power Navigation adlı bir yunan şirkətinə aid olsa da, menecerliyini bir başqa yunan şirkəti həyata keçirir. Bu şirkətin adı Chios Navigation Hellasdır. Bu şirkətin hərəkət istiqaməti Ukraynadır, gəminin trayektoriyasını izlədikcə istiqamətlərinin Ukrayna olduğunu gördüm. Gəminin menecerliyini edən şirkətin eyni zamanda “SOCAR Ukrayna”nın quru yüklərini daşıdığı da məlumdur.
Düzü, əvvəldən sonunun buralara gələcəyini təxmin etməmişdim. İşə Türkiyə polisi qarışıb, qəzanın “qəza” olmadığı ortaya çıxarsa, səbəbi gün kimi ortadadır”,-jurnalist yazıb.

Qeyd edək ki, “Doric Warrior” gəmisi barəsində İstanbul Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

6 avqust 2019-cu il tarixdə “MAMMAD AMİN RASULZADE” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə “MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.