Tramp ən böyük qorxusundan danışdı: “Buna görə qardaşımı itirdim”

Çoxlu qəribəlikləri ilə daim mətbuatın gündəmində olan ABŞ prezidenti Donald Tramp özü haqda daha bir az bilinən məlumatı açıqlayıb.

Sən demə Tramp alkoqolizm qorxusuna görə spirtli içkilər içmir. O, bu haqda “The Washington Post” qəzetinə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, o alkoqola görə artıq dünyadan köçmüş böyük qardaşının başına gələnləri görəndən sonra alkoqollu içkiləri içməkdən imtina edib.

“Qardaşım yaraşıqlı oğlan idi, alkoqolun onun bədənini nə günə saldığına özüm şahid oldum” – deyə Tramp bildirib. O əlavə edib ki, əksər qohumları qardaşından xeyli çox yaşayıb.

“Tutaq ki, mən içməyə başlasaydım, ola bilər indi heç sizinlə danışmırdım. İçkinin genetikaya da təsiri olduğu deyilir” – Tramp müsahibəsində deyib.

Tramp həmçinin içkiyə qarşı qorxusunun ona şərab zavodunu almağa mane olmadığını da deyib. Onun sözlərinə görə, zavodu indi oğlu idarə edir.

Donald Tramp atası ilə birlikdə.

Tramp həm də vaxtilə atası ilə birləşərək ailə biznesini idarə etmək üçün qardaşına təzyiqlər etdiyinə də görə təəssüf keçirdiyini deyib. “Biznes onun işi deyildi. Biz atamla ona ikiqat təzyiq göstərmişik” – Tramp deyib.

Donald Trampın kiçik qardaşı Fred Tramp universiteti bitirdikdən sonra pilot kariyerasına başlamağa qərar verir, ancaq atası onun ailə biznesi ilə məşğul olmasını istəyir.

Nəticədə Fred atasının təzyiqləri üzündən içməyə başlayır, pilot işindən qovulur və atasının firmasında işə düzəlir. Fred Tramp 1981-ci ildə alkoqolizmdən dünyasını dəyişir.