Tramp Danimarkanın Qrenlandiyanı satmaq istəməməsinə görə bu ölkəyə səfərini təxirə salıb

ABŞ prezidenti Donald Tramp Danimarkaya rəsmi səfərini təxirə salıb, o bu qərarını Danimarkanın baş nazirir Mette Frederiksenin onunla Qrenlandiyanın ABŞ-a satılması məsələsini müzakirə etmək istəməməsi ilə əlaqələndirir. 

Bu haqda Tramp bu gün, avqustun 21-də Twitter hesabında yazıb. “Danimarka həqiqətən gözəl xalqı olan möhtəşəm ölkədir, ancaq baş nazir Mette Frederiksen Qrenlandiyanın satılması məsələsini bizlə müzakirə etmək istəmədiyini deyəndə mən iki həftə sonrakı görüşümüzü başqa vaxta keçirməyə məcbur oldum.” – deyə Tramp yazıb.

Xatırladaq ki, Tramp və xanımı Melaniya Danimarkaya Polşa səfərlərdinən sonra getməyi planlamışdılar, onlar Danimarka kraliçası İkinci Marqretlə görüşəcəkdilər.

Trampın ABŞ-ın Qrenlandiyanı almaq istəməsi ilə bağlı açıqlaması isə Danimarkada böyük narazılıqlara səbəb olmuşdu. Danimarka siyasətçiləri Trampın sözlərini uğursuz zarafat adlandırmışdı.