Türkiyədə minlərlə insan meşələrin kütləvi qırılmasına etiraz olaraq Kaz dağlarına axışır

Türkiyənin nəhəng meşə ehtiyatlarından biri olan, Balıkesir və Çanaqqala vilayətlərinin sərhəddində yerləşən Kaz dağlarında qızıl mədənlərinin tikintisi üçün 195 min ağacın kəsilməsi bütün ölkə boyu etirazlara səbəb olub.

İctimai fəallar və ətraf-mühitə həssas insanlar Kaz Dağlarında tezliklə “Su və Vicdan Nöbəti” adlı mitiqlər keçirməyə başlayıblar.

Ağacların talan edilərək mədən üçün yer açılmasına etiraz edən insanlar meşələrin qətliamına son qoymağa çağırır.

Minlərlə insanın etiraz etdiyi “Alamos Gold” adlı Kanada şirkəti isə xalqı sakitləşdirmək üçün bəyanat verib ki, cəmi bir ildən də az vaxt içərisində şirkət bölgə üçün böyük gəlirlər gətirən bir mədənin qurulmasını başa vuracaq.

Kaz dağları meşəliyi mədən tikintisindən sonra.

Artıq 13 gündür bölgədə davam edən “Su və Vicdan Nöbeti” adlı xalq nümayişi Çanaqqala rayonunun Kirazlı kəndində davam edir.

Türkiyənin dörd tərəfindən gələn QHT nümayəndələri, həmkarlar təşkilatı üzvləri, vəkillər, deputatlar və sənətkarlar ərazidə 200-dən çox çadır qurublar.

Nümayişin 11-ci günündə iştirakçılar hətta mədənin ətrafına çəkilmiş məftil çəpərlərini qıraraq mədən ərazisinə daxil də ola biliblər.

On minlərlə insanın iştirak etdiyi nümayişçilər karvanının uzunluğu təqribən bir kilometrə qədər uzanıb.

Türk mətbuatı xəbər verir ki, ağacların kütləvi qırıldığı əraziyə təqribən 600 metr məsafədə cəmi 10 gün öncə 16 ekologiya aktivisti 5 çadır qurub və etirazlar beləcə başlayıb.

On gün içində çadır quranların sayı 200 nəfərə qədər artıb. Hər gün axşam 21:00-da aktivistlər bölgəni necə xilas edə biləcəkləri haqda forum keçirib müzakirələr aparır.

Ətraf-mühitin mühafizəçiləri Kaz dağlarındakı mədəndən əlavə bütün ölkə üzrə 30-a qədər belə mədən layihəsini dayandırmağa çalışdıqlarını deyir.

Digər tərəfdən Qaz dağlarının xilası üçün sənətçilər də səfərbər olub. Dünən 21:00-da Moğollar qrupu Çanaqqalada etirazçılar qarşısında konsert verib, müxalif türk piyanisti Fazil Say isə avqustun 18-də mədən tikintilərinin yaxınlığında konsert verəcəyini bəyan edib.