Uşağa neçə yaşında smartfon verilə bilər? [araşdırma]

Dünyada smartfonlar və planşetləri istifadə yaşı get-gedə aşağı düşür. Valideynlərın çoxu uşaqların rəqəmsal dünyaya marağı qarşısında nə edəcəyini bilmir və çox vaxt uşaqların istəyinə təslim olur.

“Deutsch Welle” radiosu uşaqlara cib telefonu və ya planşetləri hansı yaşda almağın uyğun olacağı ilə bağlı araşdırma aparıb.

Almaniya İnformasiya İqtisadiyyatı, Telekommunikasiya və Yeni Mediyalar Birliyi təşkilatının rəhbəri Axim Berg deyir ki, uşaqlar ibtidai siniflərdə oxuyandan etibarən smartfon işlətməyə başlamalıdır.

Uşaqlara smartfon verilməlidir, amma təhlükələri də var

Amma Almaniya Federal Ailə Nazirliyi başda olmaqla əksər alman ekspertlər ibtidai sinifdə oxuyan uşaqların smartfon istifadəsini məqsədəuyğun saymır.

Almaniya Ailə Nazirliyinin ekspertləri deyirlər ki, 11 yaşından kiçik uşaqlar smartfonlardakı proqramları idarə edə bilmədiyi üçün valideynlər bu yaşdakı uşaqlara nəzarətsiz şəkildə  smartfon verməməlidir.

Ekspertlərin sözlərinə görə, azyaşlı uşaqların internet və virtual aləmlə üz-üzə qalması çox vaxt onunçün təhlükələr və təhdidlər yaradır.

Smartfonları qadağan etmək də düzgün deyil

Bununla belə, ekspertlər fikirləşir ki, valideynlərin uşaqlara smartfonları qadağan etməsi də elə effektiv metod deyil. Valideynlər uşaqlara öz telefonlarına toxunmağı qadağan etmək yerinə, onu məhdud zaman kəsiyi ilə istifadə etməyə icazə verməlidir.

Belə ki, alman uşaq psixoloqları ibtidai məktəbdə, birinci sinifdə oxuyan uşaqların gündə 30 dəqiqədən çox smartfon istifadə etməsinə qadağa qoyulmasını tövsiyyə edirlər.

Adətən ailələrin çoxu uşaqlarının itməməsi, onları tez tapa bilmələri üçün onlara telefon alırlar. Alman ekspertlər belə hallar üçün uşaqlara smartfon olmayan və internet çıxışsız sadə telefonlar almağı yetərli hesab edirlər.