Xamenei: “Neftdən gələn yüngül gəlir İran üçün böyük bəla olub”

İranın ali dini lideri Seyid Əli Xamenei İran prezidenti Həsən Ruhani və nazirlər kabinetinin iclasında çıxış edib. Onun çıxışının əsas mövzularından biri İran iqtisadiyyatının neftdən asılılığı haqqında olub. 

O, hazırda mövcud iqtisadi problemlərin həllinin ölkənin neft gəlirlərindən azad edilməsində olduğunu bildirib.

Xamenei neft ixracatından gələn gəlirləri yüngül gəlir və böyük bəla adlandırıb. Bildirib ki, bu köhnə problem ölkənin inkişafına zərbə vurub.

Ayətulla əlavə edib ki, qaz və benzin kimi məmulatlardan əlavə gələcəkdə başqa neft məhsulları da istehsal etmək mümkündür.

İranın Ali lideri onu da bildirib ki, qeyri-sanksiya şəraitində də neft bazarına, neftin qiymətinə və satışa çıxarılan neftin həcminə dünyanın böyük istehlakçıları, yəni Qərb ölkələri nəzarət edir.