Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki təzyiqlərə etiraz edir. Ə.Muxtarlının bəyanatı sosial şəbəkələrdə yayılıb.

“Sentyabrın 20-də baş vermiş qanunsuzluğa və vəkilimə qarşı zorakılığa etiraz olaraq aclığa başlayıram. Rəis müavini (koloniyanın) Emin Eminəliyev siyasi məhbuslara qarşı amansızlığı və zorakılığı ilə fərqlənir. Bundan öncə o, Məmməd İbrahimə qarşı güc tətbiq etmişdi. Ümumiyyətlə, məhbuslara qarşı çox sərt və amansızdır. Ondan prokurorluğa edilən şikayətlər araşdırılmır”, – Ə.Muxtarlının bəyanatında deyilir.

O, ölkə rəhbərliyindən vəkililə bağlı insidentin obyektiv araşdırılmasını tələb edib.

“Emin Əliyev və zorakılıq törədən digər əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı törədilənlər mənim də hüquqlarımın pozulmasına yönəlib. Bundan öncə Nemət Kərimli 1 il müddətinə işdən kənarlaşdırılmışdı”, – Ə.Muxtarlı yazıb.

Jurnalist diqqəti ona yönəldib ki, “indiki hücumlar” AŞPA siyasi məhbuslar üzrə məruzəçi Sunna Torhildur Evardsottirin və AŞ insan hüquqları komissarı Dunya Miyatovişin koloniyada ona baş çəkməsindən sonra törədilib.

Sentyabrın 20-də vəkil N.Kərimli Ə.Muxtarlı ilə görüşündən əvvəl və sonra ciddi yoxlanışa və hədələrə məruz qalıb. Vəkilin sözlərinə görə, həmin qanunsuz hərəkətlərə koloniyanın rəis müavini Emin Əliyev rəhbərlik edib. O, vəkilin jurnalistlə görüşü zamanı etdiyi qeydləri oxuyub. Ə.Muxtarlı Penitensiar Xidmətə rəsmi şikayət edəcəyini bildirib.

*Araşdırmaçı-jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq gizlicə Azərbaycana göndərilib və burada həbs edilib. Məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı zorakılıq tətbiq etməkdə ittiham edib.

Amnesty International beynəlxalq təşkilatı Ə.Muxtarlını “vicdan məhbusu” kimi tanıyıb.