Almaniya prezidenti müharibəyə görə polşalılardan üzr istəyib

Almaniya prezidenti Frank Valter Ştaynmayer.

II Dünya Müharibəsi bundan 80 il əvvəl, 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlayıb. Alman qırıcı təyyarələri yerli saatla 04:37-də Polşanın Vielun şəhərini bombalayıb.

Almaniya prezidenti Frank Valter Ştaynmayer polşalı həmkarı Anjey Duda ilə birlikdə Vielunda müharibənin başladığı eyni saatlarda müharibə qurbanlarını yad etmək üçün təşkil olunmuş tədbiri açıblar.

Ştaynmayer açılış nitqində deyib ki, 6 il boyu Polşa və Avropanın başqa yerlərində davam edən zorakılıq və soyqırımlar məhz burdan başlayıb.

“Veulund hücumunda həyatını itirən qurbanların önündə əyilirəm. Alman diktatorluğunun polyak qurbanları önündə əyilirəm və əfv diləyirəm” – deyib.

Ştaynmayer Polşada insanlıq cinayətləri törədənlərin almanlar olduğunu, nasional sosialistlərin dövrünün Avropa tarixində qorxu dövrü ilə yadda qaldığını və törədilmiş cinayətlərin unudulmayacağını deyib.

Sentyabrın 1-də Nasist Almanyasının Polşaya hücumu bu ölkədə hər il anım mərasimi şəklində keçirilir.

Bu ilki 80 illik ildönümünə isə Ştaynmayerdən başqa Almaniya kansleri Anqela Merkel də dəvət olunub.

Ümumilikdə 40 ölkədən 250 nəfərin dəvət olunduğu bildirilsə də, İkinci Dünya müharibəsində qələbəni əldə etmiş və Avropanı Nasizmdən xilas etmiş Rusiyanın prezidenti Vladimir Putin mərasimə dəvət olunmayıb.