Fuad Qəhramanlı AXCP sədrinin müavinliyindən istefa verib

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son baş verən ictimai müzakirələrdən sonra vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Bu haqda Qəhrəmanlı özünün Feysbuk səhifəsində məlumat yayıb. O, açıqlamasında bildirib ki, onunla bağlı yaranmış vəziyyəti bəhanə edərək mənsub olduğu partiyaya ‘səlib yürüşü’nə keçiblər.

“Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4-5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşimanam”.

Fuad Qəhrəmanlının sözlərinə görə, baş verən hadisələrdə yaşanan gərginlik övladlarıda mənəvi travma yaradıb və qızı Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

“Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram” – deyə Fuad Qəhrəmanlı bildirib.

Qəhrəmanlı bildirib ki, bütün baş verənlərə rəğmən indiki halda öz haqlılığını deyil, partiyasının nüfuzunu nəzərə alıb bu addımı atır.

“Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm”. 

Xatırlatma

Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sentyabrın 19-da sosial  şəbəkədə status paylaşaraq, özünün, bacısının və anası Zümrüd Yağmurun atası tərəfindən dəfələrlə şiddətə məruz qaldığını bildirib.

Zümrüd Yağmur qızının doğru yazdığını təsdiqləyib. Demokratik ictimaiyyətin bir sıra nümayəndələri bundan sonra Fuad Qəhrəmanlının üzr istəməsini və AXCP-dən getməsini tələb ediblər.