Məşhur politoloq və Qafqazşünas, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk qrupunun keçmiş həmsədrlərindən biri Metyu Brayza jurnalist Eqor Kuroptevin “Pogranichnaya ZONA” adlı layihəsi üçün Gürcüstan, Ukrayna və Qarabağ münaqişələrindən danışıb.

Brayza Gürcüstanın Abxaziya və Osetiya bölgələrindəki münaqişələrin nəticəsi olaraq Rusiya-Gürcüstan müharibəsinin 2008-ci ildən çox-çox əvvəl başladığını deyib.

“Ruslar gürcüləri öldürürdülər və onlara cavab verildi. Rusiya müharibə üçün şərtləri əvvəldən hazırlamışdı. “Cənubi Osetiya” xalqın rus pasportları verilməsi zamanı biz artıq hər şeyi anlamışdıq. Rusiyanın dəmir yolu hərbi birləşmələrini əvvəldən hazırlamasını da xatırlayıram. Rusiya dünyanın Kosovanı humanitar vəziyyətə, ya da insan haqlarına görə müstəqil dövlət kimi tanımasına görə Gürcüstanda da eyni vəziyyəti yaratmaq istəyirdi. Və budur Serbiyaya qarşı işlədilən hərbi gücün eynisini Rusiya da Gürcüstana qarşı istifadə etdi” – deyə Brayza bildirib

Brayza Gürcüstanda baş verənlərin cavabsız qalması halında tezliklə Avropaya yayılacağı gözləntisindən də danışdı:

“ABŞ 2008-ci il işğalının Gürcüstana qarşı əvvəldən hazırlanmış Putin strategiyası olduğunu bildikdən sonra bu ölkəyə yardımlar etməyə başladı. Yadınıza salın 2008-ci ildə Mixeyil Saakaşvili demişdi ki, Gürcüstandan sonra növbə Krımdadır. O bunu həqiqətən deyib. Hətta Sarkozi də demişdi ki, Rusiyanın Gürcüstanda törətdikləri pis şeylərdir, ancaq eyni şeyləri Ukraynada da etsələr onda ciddi reaksiya vermək lazımdır. Bu strategiyanın baş verəcəyi gözlənilirdi. Avropalı dostların çoxu üçün Rusiya ilə biznes gəlirli işdir. O vaxt Qərb Saakaşvilini müharibə etməkdən günahlandırırdılar və deyirdilər ki, güya biz, ABŞ onu bu addımı atmağa cəlb etmişik. Bu necə ola bilər ki, bizim müharibədə gürcü dostlarımıza dediyimiz şüarımız bu oldu “Əgər müharibə olsa biz sizin yanınızda olmayacağıq. İşi müharibəyə qədər aparmayın”. Mən hətta telefonda bunu açıqca deyirdim ki, Moskva bu ismarıcı eşitsin” – deyə Brayza qeyd edib.

Metyu Brayza daha sonra Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb. O deyib ki, bu yaxınlarda Ermənistan preizdenti Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” bəyanatı bütün danışıq prosesini dayandırır və onu mümkünsüz edir.

“Dağlıq Qarabağın statusu ancaq danışıqlar vasitəsilə mümkün ola bilər və Ermənistan bunu danışıqlar vasitəsilə həll etməlidir. Tərəflərdən biri danışıq prosesindən əsas mükafatı götürüb, o biri tərəfə heç nə vermirsə bu axmaqca bir hərəkətdir” – deyə keçmiş diplomat bildirib.

Nikol Paşinyan Xankəndində Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Bako Saakyanla görüşür.

Metyu Brayzanın sözlərinə görə Paşinyan axmaq deyil, əksinə ağıllı insandır, ancaq o qarabağ qruplaşmasının ağır təzyiqləri altındadır. Paşinyanın nə qədər uğurla kampaniya aparması, nə qədər populyar olması heç nəyi dəyişdirmir, yenə də bu qruplaşma siyasi hakimiyyəti verməyəcək. Bu qrupun şimaldan böyük dəstəyi olduğu da bilinən faktdır.

“Paşinyan belə bəyanatları Ermənistandakı qarabağ klanından qorunmaq üçün edir, əslində isə o Azərbaycanla axıra qədər danışıqlar aparmaq istəyir. Bunu mənə Bakıda deyiblər, özü də ən yuxarı səviyyədə” – deyə Brayza bildirib.

Metyu Brayza həmçinin ABŞ-dakı erməni lobbisinin də qarabağ münaqişəsinin həllini istəməməsini də qeyd edib. O buna sübut kimi Brayzanın vaxtilə Azərbaycana səfir təyin olunmasına Amerika Milli Erməni Komitəsinin konqressdəki lobbiçilikləri vasitəsilə mane olmağa çalışmalarını göstərib. Brayzanın sözlərinə görə ABŞ-dakı erməni təşkilatları Qarabağ münaqişəsi vasitəsilə ermənilər üçün pul yığıb özləri də varlandıqları üçün Paşinyana da təzyiq göstərirlər.