Milli Şura sentyabrın 28-nə mitinq təyin edib

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə mitinq təyin edib. Bu barədə AXCP sədri Əli Kərimli bildirib.

Onun sözlərinə görə, Milli Şura sentyabrın 13-də mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Mitinq normal seçkilərin keçiriləməsi üçün seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək, Əli Kərimli qeyd edib.

Milli Şura mitinqin keçirilmıəsi üçün 3 yer təklif edib: 28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan.

AXCP sədri bildirib ki, Azərbaycan hakimiyyəti Qarabağın azad edilməsi üçün uğurlu siyasət apara bilmir.

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlir. Bu ərazilərdə məskunlaşma aparılır, yollar çəkilir. Paşinyan Qarabağda deyir ki, Dağlıq Qarabağ Ermənistandır. Azərbaycan hakimiyyəri isə bunların qarşısında sanki kar və kordur. Xarici İşlər Nazirliyinin hansısa tanınmayan bir rəsmisi bəyanat verməklə kifayətlənirlər. Hanı bu ölkənin rəhbəri, vitse-prezidenti, baş naziri? Niyə susurlar?” Kərimli sual edib.

O hesab edir ki, ölkədə növbədənkənar prezident və parlament seçkiləri keçirilməsi ehtimalı var. Hətta hakimiyyət dəyişikliyi ola bilər.

“Növbəti parlament seçkilərinə isə bir il qalıb. Ölkədə dəyişikliklər yalnız demokratik seçki yolu ilə həyata keçirilməlidir. Bu halda normal seçkilərin keçirlməsi üçün seçki islahatları aparılmalıdır. Biz bunu tələb edirik. Ölkədə demokratik seçkilər keçirilmədən hakimiyyət dəyişiklliyinə yol verməyəcəyik,” AXCP sədri deyib.

O sosial tələblərdən danışarkən bildirib ki, hakimiyyət mənasız yarışlara milyonlarla, milyardlarla vəsait xərcləyir.

“Hətta YAP rəsmilərinin özləri deyir ki, nazirlər altına milyardlar yığıb. Amma onlar uşaq pulu verilmıəsini ələ baxımlılıq kimi qiymətləndirir. İqtidardakılar milyardları altına yığır ələ baxımlı olmur, kasıb insanlara 160-180 manat müavinət verəndə onlar ələ baxımlı olur. Və yaxud tibbi sığorta tətbiq edilmir və ya təbii qaza, elektrik enerjisinə limit tətbiq edirlər. Mən haqqı tapdanmış bütün insanları mitinqə gəlməyə çağırıram,” AXCP sədri qeyd edib.

Xatıladaq ki, bu il yanvrın 19-da Milli Şuranın keçirdiyi mitindən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə icazə verilməyib.