Müsavat Partiyasının İlham Əliyevin səhhəti ilə bağlı şübhəsi var, YAP isə bu şayiələri təkzib edir

Sentyabr 1-i Müsavat Partiyasının İdarə Heyətinin iclasında İlham Əliyevin səhhətində problemlərlə bağlı sosial şəbəkələrdə yayılan şaiyələr müzakirə olunub. Şaiyələrə görə, məhz bu problemlərlə əlaqədar dövlət başçısı avqustun 24-dən bəri görünmür.

Müsavat Partiyası hesab edir ki, prezidentin sağlamlığı və əmək qabiliyyəti onun şəxsi işi deyil və hakimiyyət cəmiyyətə bu mövzuda dəqiq və aydın məlumat verməlidir.

Öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov İlham Əliyevin səhhətində problemlərlə bağlı şaiyələri təkzib edib.

“Mən YAP adından rəsmi olaraq bildirirəm ki, bütün bu şaiyələr əsassızdır. Dövlət başçısı tamamilə sağlamdır və hər gün səhər saat 9-da iş yerində olur”, deyə Novruzov Turan agentliyinə bildirib.

Qeyd edək ki, dövlət başçısı 10 gündür cəmiyyət içinə çıxmır. Onun məzuniyyətdə və ya xarici səfərdə olması haqqında məlumat da olmayıb.