Nazir: “Azərbaycan “Əsrin müqaviləsindən” 143 milyard dollar qazanıb”

Energetika Naziri Pərviz Şahbazov.

“İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 36 milyard dollar sərmayə qoyulub. Bu layihə sayəsində Azərbaycan indiyədək 143 milyard dollar gəlir əldə edib”.

Bu sözləri energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AÇG üzrə bu vaxtadək 492 milyon ton neft, 161 milyard kubmetr qaz hasil edilib.

“Cari ilin ötən dövründə isə ölkədə 25,1 milyon ton neft çıxarılıb və bu həcmin 20,9 milyon tonu ixrac edilib. Respublika üzrə gündəlik neft hasilatı sutkada 765 min barrel olub”.

Şahbazov daha sonra deyib ki, neftçilərin uğuru Azərbaycanın bütün iqtisadiyyatının inkişafının əsas amillərindən biridir, bütövlükdə Azərbaycanın uğurudur.

Nazir bildirib ki, “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub. Bu müqavilə nəticəsində Xəzərin karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli başlayıb.