Penitensiar Xidmət Əfqan Muxtarlının aclıq aksiyasına reaksiya verib

“Dünənə qədər (sentyabrın 22-si nəzərdə tutulur – red.) Əfqan Muxtarlının aclıq aksiyası keçirməsi ilə bağlı heç bir məlumat olmayıb”.

Bu sözləri Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov jurnalist Əfqan Muxtarlının 16 saylı Cəzaçəkmə Müəssisəsində sentyabrın 22-dən aclıq aksiyasına başlaması barədə məlumatlara münasibət bildirərkən deyib.

Ə.Muxtarlının adından yayılan açıqlamada aclıq aksiyasına başlamasına səbəb kimi onunla görüşə gələn vəkil Nemət Kərimlinin 16 saylı Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşməsi göstərilib.

M.Sadıqov isə cəzaçəkmə müəssisəsində vəkilə əməkdaşların zorakılıq etməsi ilə bağlı açıqlamanın inandırıcı olmadığını söyləyib.

“Söhbət ondan gedir ki, 100-lərlə vəkil müdafiə etdikləri şəxslərə baş çəkmək üçün cəzaçəkmə müəssisəsinə gəlirlər. Onlara qarşı nə zorakılıq olur, nə də məhdudiyyətlər qoyulur. Amma vəkil iddia edirsə belə hal olub, o zaman Penitensiar Xidmətə müraciət etsin və bu məsələ araşdırılsın”, – M.Sadıqov bildirib.

Öz növbəsində vəkil Nemət Kərimli də bu məsələ ilə bağlı sentyabrın 23-də rəsmi qaydada şikayət verəcəyini açıqlayıb.