Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Bakıya gəlir: Patruşev nə gətirir?

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.

RF TŞ-nin məlumatına görə, o, Bakıda təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli məsləhətləşmələr aparacaq.

“Patruşev Azərbaycan Respublikasına səfər edəcək. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, hər iki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”, deyə məlumatda bildirilir.

Turan agentliyində dərc edilən məqalədə deyilir ki, Rusiya Təhlükəsizlik Şurasının katibinin səfəri əslində ənənəvi xarakter daşıyır və xüsusi sürprizi ola bilməz. Ənənəvi olaraq Moskva və Bakı dini radikalizmə, terrorizmə və digər xarici təhdidlərə qarşı mübarizə məsələlərində mövqelərini uyğunlaşdırırlar. Xarici təhdidlər arasında “Qərbin hiylələri” xüsusi yer tutur.

Hakimiyyəti rəngli inqilablar həyata keçirilməsi cəhdlərindən qorumaq istəyi və Amerikanın zərərli təsirinin neytrallaşdırması ilə bağlı təcrübə mübadiləsi Patruşevin Bakıdakı tərəfdaşları ilə görüşlərinin ənənəvi mövzusudur.

Amma əvvəlki görüşlərdən fərqli olaraq, indi Patruşev Moskvanın köhnə dostu – Ramiz Mehdiyevlə deyil, Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla söhbət edəcək.

Əlbəttə, Usubov Corc Soros tərəfdarı deyil, amma söhbətin necə keçəcəyi və bu söhbətdə kimlərin iştirak edəcəyi əhəmiyyət daşıyır. Şaiyələrə görə, keçən dəfə görüşün axarını dövlət başçısının köməkçisi Əli Həsənov müəyyən edib, Qərbin zərərli ideyalarının bələdçilərinə qarşı mübarizədə uğurlar barədə məruzə edib. Buna görə görüş iştirakçılarının tərkibinə və onun yekunlarına görə veriləcək bəyanatlara nəzər salmaq maraqlı olacaq.

Qəribədir ki, səfər proqramında Patruşevin ölkənin birinci şəxsi ilə mümkün görüşü barədə heç nə deyilmir. Belədirsə, bu, sensasiya olacaq. Çünki indiyə qədər belə bir şey olmayıb. Bundan başqa, bu, dövlət başçısının 10 gündür insan içinə çıxmamasının səbəbləri ilə bağlı şaiyələri artıracaq.