Siyavuş Novruzov: ‘Milyardları yığıb, qaçıb gizləniblər… Çıxın ortaya! Kimin tərəfindəsiniz?’

‘Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!’

Bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov ‘Yeni Müsavat’ qəzetinə müsahibəsində bildirib.

YAP rəhbərliyində təmsil olunan deputat iqtidar düşərgəsində olan, amma hökumətin müdafiəsi ilə məşğul olmayan keçmiş yüksək vəzifəli şəxsləri sərt şəkildə qınayıb.

Hakim partiyanın funksioneri bir sıra keçmiş nazirlərin vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkildiyinə diqqət yönəltməklə yanaşı, son günlər prezidentin səhhəti ilə bağlı əsassız şayiələrin yayılmasında da “sabiqlərin” bəzilərinin rolunun olduğunu dilə gətirib.

Siyavuş Novruzov deyib ki, vaxtilə həmin sabiq məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub. 

“Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ‘mövqeyini bildir!'”

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək, onlara ittihamlar irəli sürüb:

“Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz. Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”

YAP funksioneri xəbərdarlıq və ittihamların kimlərə ünvanlandığı ilə bağlı suala cavabında deyib ki, konkretləşdirmək istəmir.

“Mən konkretləşdirmək istəmirəm. Amma keçmişdə nazir vəzifəsində işləyiblər, yerinə yeniləri gəlib, onları nəzərdə tuturam. O insanlar ulu öndərə, cənab prezidentə minnətdar olmalıdır ki, neçə illər ərzində bu dövlətin naziri kürsüsündə oturub. Amma bu gün onlar tamam başqa yol tutublar. Nə səsləri çıxır, nə sorağı. Dövlətin sizə borcu var idi? Sən dövlət yaratmısan?! Dövləti biz yaratmışıq, mübarizə ilə. Xalq hərəkatında olmuşuq, müharibələrdən keçmişik, digər işləri görmüşük. Sən də gəlib oturmusan, dövlətin naziri olmusan. Nazirlikdən çıxandan sonra, elə bil ki, küskün bir adam kimi çəkilib qırağa. Atan vermişdi sənə, ya adına yazılmışdı bu vəzifə?!”

S.Novruzovun sözlərindən belə məlum olub ki, eks-nazirlər hakim partiya ilə də əlaqə saxlamırlar:

“Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq”.

Maraqlıdır, sabiqlərdən konkret olaraq hansı mənada mövqe tələb olunur? Onlar nə etməlidirlər? S.Novruzov bildirib ki, dövləti, dövlətçiliyi, milləti, prezidenti və birinci vitse-prezidenti, ailə üzvlərini müdafiə ilə bağlı mövqe tələb olunur.

“Təbii ki, onların müdafiəyə ehtiyacı yoxdur. Amma mən onların mövqeyini öyrənmək istəyirəm. Bilmək istəyirəm ki, siz kimin yanındasınız?!”

Siyavuş Novruzov sabiq məmurlarla bağlı faktlarının olduğunu bir daha israrla bildirməklə yanaşı, son günlər prezidentin səhhəti ilə bağlı əsassız məlumatların yayılması məsələsinə də toxunub:

“Mən heç vaxt əsassız yerə danışmamışam, danışmıram da. Mənim konkret məlumatlarım var. O gün prezidentlə bağlı əsassız iddia irəli sürdülər. Mən bu iddianın müəlliflərindən birinə dedim ki, əsassız məlumatdır, səhər cənab prezidentin özü ilə danışmışam, belə iddialar səsləndirmək yaxşı deyil. Amma iddialarını davam etdirdilər, ancaq çox keçmədi ki, saxta məlumat yaydıqları məlum oldu. Yəni, mən bilirəm nə deyirəm”.

YAP icra katibinin müavini müsahibəsində keçmiş yüksək vəzifəli məmurlara bir daha çağırış edib ki, kimin tərəfində olduqlarını göstərsinlər.

“Özü də hamısına deyirəm: atan-baban sənə bu vəzifəni verməyib. Bu vəzifəni sənə ulu öndər verib, cənab prezident verib. Bunun hesabına da sən çox şeylər əldə etmisən! Odur ki, onlara müraciət edirəm, çıxsınlar ortaya mövqelərini bildirsinlər!”