Xüsusi polis dəstələri mənəviyyat uğrunda mübarizəyə başlayırlar

“Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir”.

Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə sentyabrın 2-dən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.

E.Hacıyev bildirib ki, paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ hallar nəticəsində bu addımı atmağa qərar verilib.

“Təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində ̶ gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var”.

Məlumata görə, əsasən Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu S.Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb.