“Zəhər tuluğu” və ya didaktika dərsləri – Hacı Səfərov

Aktyor Taleh Yüzbəyov - 'Zəhər Tuluğu' filmindən fraqment

Gerçəyin ürəyinin yaralarından çölə sızmaması üçün dilini bir daha dişləməli oldu.

Vəba günlərində eşq – Q. Q. Markes

“Zəhər tuluğu” miniserialı son bir ildə Azərbaycanda haqqında ən çox danışılan əsərdir desəm yanılmaram. İzlənmə sayı, haqqında yazılanlar, serialda baş verənlərin insanlar arasında ağızdan-ağıza dolaşması bunu deməyə əsas verir. Bəs necə oldu ki, Taleh Yüzbəyov və onun Adil obrazı bu qədər məşhur oldu? Bu yazımda məhz serialı məşhur edən tərəflərdən və cəmiyyətimizdəki qarşılığından bəhs edəcəm.

“Zəhər tuluğu” elə adına xas şəkildə zəhərlə, yəni siqaret səhnəsiylə başlayır. Təsadüfi deyil ki, serialın ilk seriyasının adı da məhz “Siqaret”dir. Adil ona yaxınlaşıb siqaret istəyən şəxsə əlində siqaret ola-ola deyir ki, çəkən deyiləm. Elə ilk səhnədəcə tamaşaçını yaxalamağı bacarır və özünü izlətdirməyə başlayır. Beləliklə, biz Adil obrazıyla tanış oluruq: O, düşündüklərini çəkinmədən ifadə edən, insanların qəlbini qıracağını düşünməyən, düzgün saydığı hər bir fikri ölsə belə deyəcək bir şəxsdir. Elə bu səbəbdəndir ki, insanlar ona zəhər tuluğu gözü ilə baxırlar. Həqiqətləri yaş dəsmal kimi üzə çırpmağı sevdiyi üçün ətrafındakılarla əlaqəsi alınmır, eşq-məhəbbət macəralarında uğursuzluq yaşayır. İşlədiyi yerdə də dostları çox azdır. Lakin o belə bir insan olmaqdan qətiyyən narahat deyil. Tam əksinə, dünyanın özü ətrafında fırlandığını düşündüyü üçün, hamının ortada həqiqətləri çığıra-çığıra gəzərsə, dünyamızın, ən azından ölkəmizin daha yaxşı olacağını düşünür. Bu düşüncələr və fikirlər kino dili ilə tamamlanmağa çalışır. Məsələn, Adil sevgilisindən ayrılarkən “Mən həmişə düşünmüşəm ki, səndən daha yaxşısına layiqəm” sözlərini sərf edir. Bu sözləri deyərkən kameranın aşağıdan yuxarıya doğru qurulduğunu görürük. Obrazın insanlara yuxarıdan aşağı baxdığı həm vizual göstərilir, həm də səsli olaraq ifadə edilir. Bu vizual fənd serialın davamında da istifadə edilir.

Adil iş yerində də zəhər tuluğu olmağa davam edir. Taleh Yüzbəyovun şəxsən bəyənmədiyi hadisələrin nəql edicisinə çevrilir. İki azərbaycanlının bir-biri ilə ingilis dilində elektron məktublaşmağı mənasız görünür və Adil də bunu özünəxas şəkildə dilə gətirir. Ümumilikdə, serial boyunca sosial-ictimai mövzulara toxunan Adil birbaşa Taleh Yüzbəyovun fikirlərinin təzahürünə çevrilir. İnsanlar tərəfindən sevilməyinə gətirib çıxaran bu sosial tənqidlər ümümi məzmuna təsir etmir, funksiya daşımır. Əvəzində ingilis dilini bilən azərbaycanlılara yerini göstərdiyi üçün tamaşaçılar tərəfindən daha çox sevilir.

Sonrakı səhnələrdə Adilin iş yoldaşı Şakirlə dialoquna şahid oluruq. Şakir onun yaxşı insan olduğunu, amma nəyi necə demək lazım olduğunu bilmədiyini vurğulayır. Beləliklə, Adilin özü barəsində düşünməsi, mənəvi dəyişimi start götürür. Tualetin güzgüsündə özünə baxması, gülməyə cəhd etməsi, özü ilə üzləşmək istəməsi həmin dəyişiklik arzusunun vizual təcəssümüdür. Sağa-sola sosial mesaj verən Adil belə olmasını uşaqlıqdan bəri yaşadığı travmatik hadisələrlə açıqlayır. Onu əzən, xor görən insanlardan “güc”ə sahib olduğu zaman əvəz çıxdığını deyir. “Zəhər tuluğu” olmaqda əsas günahkar kimi cəmiyyəti işarə edir. Cəmiyyətdəki haqsızlıqlar, ədalətsizliklər və əyriliklər insanları bu hala salır və vəziyyət vaxt ötdükcə daha da pisləşir. Beləliklə, ümumi məzmuna aid olmayan “sosial məsuliyyət” mesajlarına haqq qazandırır. Adilin dəyişmək cəhdləri isə xoşuna gələn qadının evli olması səbəbi ilə yarımçıq qalır. İlk seriya başladığı kimi də bitir: Çəkən deyiləm.

İkinci seriya Adilin Həmidə xanımla üzləşməyi ilə başlayır. Adil ona “pozitiv olun” deyən adama zəhərini tökür, rədd edildiyi üçün belaltı vurmağa çalışır. Taksi şoferiylə danışanda ərəb turistlərin axınına toxunur, hər şeyin yaxşı olduğunu, lakin açıq-aşkar seks işçiliyinin heç də yaxşı olmadığını deyir. Ümumilikdə, Taleh Yüzbəyov verdiyi bütün sosial mesajlarda öz mizanını düzgün istifadə edir. Dedikləri tam mühafizəkar düşüncənin təzahürü olmasa da, ən yenilikçi də deyil. Ən mühafizəkar düşüncə ilə ən yenilikçi ideyalar arasında özünə yer tapır. Dİgər iki cəbhəyə bölünən insanlarla konfliktlər yaşayır. Bəlkə də buna görə Azərbaycanda formalaşan yeni nəslin gözləntilərini qarşılayır. “Müasir olmaq lazımdır, amma adət-ənənələrimizi də tam unutmayaq” ideyası Adilin sosial mesajlarının əsas xəttini formalaşdırır. Elə buna görə də izləyicidə əksini tapa bilir. Tamaşaçı Taleh Yüzbəyovu yenilikçiyə səslədiyi, eyni zamanda da dəyərlərimizi unutmadığına görə sevir.

Seriyada Taleh Yüzbəyov Adilin içində olduğu marketinq sahəsinə də rişxənd etməyi unutmur. Hətta məsələyə postmodern yanaşıb özünü də ələ salır ki, Taleh Yüzbəyov Azərbaycanda ən çox reklama çəkilmiş adam kimi tarixə düşəcək. Müdirinə kəllə atan Adil 60 yaşlı qadının alçaldılmasına dözmədiyini göstərir, insanların sevimlisinə çevrilir. Ümumilikdə, ikinci seriyada Adil pozitivə doğru heç bir inkişaf yaşamır, əksinə şiddətə müraciət edir. Hekayə sosial mesajlara qurban verilir və gözlənilən dəyişiklik növbəti baharlara, daha doğrusu seriyalara qalır.

Üçüncü seriya ilk səhnəsindəcə hekayənin inkişafına dair ümidlər yaradır. Balaca Adilə bacısının kurtkasına görə “Adilə! Adilə! Adilə” deyərək bullinq edirlər. Böyük ehtimalla, Yüzbəyov bu səhnə ilə bullinq nəticəsində intihar həddinə çatmış və intihar etmiş Elinanı yad edir. Şübhəsiz ki, həm baş vermiş faciəni yad etməyi, həm də ümumi hekayədən uzaq düşməməyi təqdirəlayiq haldır. Adilin “Kişinin oğlu olar” ifadəsinə verdiyi reaksiya da hansı təfəkkürün hədəfə alındığını göstərir. Selektiv abortların yüksək olduğu bir ölkədə belə yüksək səslə dilə gətirmək kifayət qədər cəsarətli addımdır. Lakin seriyanın təxminən ortasına qədər davam edən didaktik məsləhətlər, tövsiyələr, analizlər ümumi hekayənin axsamağına gətirib çıxarır. Adilin iş dünyası ilə bağlı tənqidləri bitmək bilmir. Ağsaqqal ədasıyla verilən məsləhətlər faydalı olsa da vaxt ötdükcə insanı sıxmağa başlayır. Burada Taleh Yüzbəyovun imdadına çatan məqam isə Adilin dialoqlarının qarşı tərəfi alçaldaraq güldürməyə cəhdidir. Güldürmək üçün alçaltmağın nə qədər yaxşı və keyfiyyətli yumor olduğu isə sual altındadır. Ancaq Adilin profili ilə üst-üstə düşdüyünə görə bunu qəbahət saymaq düzgün olmaz.

Serial boyunca davam edən siqaret leytmotivi yenə qarşımıza çıxır. Adilin universitetdə sevgili olduğu Rəna ilə qarşılaşması da siqaret hesabına baş verir. Rəna seks işçiliyi, daha doğrusu Adilin dediyi kimi, fahişəlik edən bir şəxsdir. Adil ilə sevgili olublar, münasibətlərini gizlətmək qərarına gəliblər, lakin daha sonra Rənanın yazışmaları başqalarına göstərərək əyləndiyi məlum olubmuş. Bunu da biz ta başdan, birinci seriyadan bilirik. Seriyada sonra baş verənlər bizə başqa filmlərdən, seriallardan da məlumdur. Rəna ilə Adil evə gedir, kin saxlayan baş qəhrəman pulları Rənanın üzünə çırparaq əvəz çıxmağa çalışır. Rəna isə uzun bir dialoqla “məni alçaltmağa nə var?” minvalında özünü ifadə edir. Burada aktrisa Zülfiyyə Qurbanovaya xüsusi diqqət ayırmaq istəyirəm. Əla performansla serialda indiyə qədərki ən yaxşı aktyor oyununu sərgiləyir. Monoloqdan sonra Rəna çıxıb gedərkən, Adil dodağının altında “Bağışla” sözünü pıçıldayır ki, həmin söz də ilk seriyada start götürən dəyişimin təkrar alovlandığını göstərir. Uzun məsləhətlərdən, didaktikadan sonra biz yenidən hekayəyə qayırıdıq, hər nə qədər həll yolu yaradıcı olmasa da…

Dördüncü seriya Adil və dostu Şakirin dialoqu ilə başlayır. İlk seriyada Şakir həqiqətləri dediyi kimi, burada da eynisini edir. Adilin isə öz hərəkətləri barədə şübhəyə düşdüyü, vicdan əzabı çəkdiyi aşikardır. Divanın üzərinə düşmüş pulları ovucuna götürüb baxanda birdən ürəyinin ağrımağa başlaması isə vicdan əzabının ekran həllidir. Bu həll də həddindən artıq işlənib və heç bir dramatik gücü yoxdur. Adilin əvvəlki seriyalarda ürəyinə dair şikayətinin olmaması, bir günün içində ortaya çıxması məhz vurğuladığım həlli nişan göstərir. Vicdan əzabından qurtulub yemək yeməyə gedəndə isə yenə didaktikaya keçir. Adil çevrilib olur Taleh Yüzbəyov və  təkrarən tamaşaçıya məsləhət verir.

Hacı Səfərov

Şəhərin canına düşüb Rənanı axtarmaq qərarı da vicdan əzabından qaynaqlanır.Taksi sürücüsündən soruşur, bir kafedə gənclərlə mübahisə yaşayır. Həmin gənclərə ağsaqqal tonunda məsləhət verməsindən aydın olur ki,Yüzbəyov onu tənqid edənləri karikaturalaşdıraraq əvəz çıxır. Çatana-ötənə dörd məsləhət verən Adil əslində başqalarına ağıl öyrədəcək vəziyyətdə deyil. Yüzbəyov öz məsləhətlərini Adillə gerçəkləşdirir. Serialın ümumi xəttindən isə çox uzaqlaşır. Ürək tutmasıdan həkimə gələn Adilə həkim deyir ki, siqaret çəkirsənsə, çəkmə.  Siqaret motivi hələ də davam edir, bununla birlikdə səhiyyəmizdəki vəziyyət göstərilir. Rənanın dostlarından birinin adresini istəyir və Rənadan üzr istəyərək vicdanını təmizləməyə çalışır. Özünü Rənaya bağışlatdıran Adil növbəti dəfə “Siqaretindən olar?” sualı ilə üzləşir, lakin bu dəfə cavab fərqli olur. Daim “Çəkən deyiləm” deyən Adil bu dəfə xoş rəftarla “Hə, əlbəttə” cavabını verir. Bu da Adilin artıq dəyişdiyini, fərqli bir adam olmağa çalışdığını göstərir. Gözlənilməz sürpriz baş verir: Alçaltdığı Həmidə xanımın həyat yoldaşıdır siqareti istəyən. Həmidəni belaltı vurmağa çalışdığı üçün əri Adili bıçaqlayır.. Serialda başqalarına qarşı şiddət göstərməyə meyilli olan baş qəhrəman da məhz şiddətin qurbanı olur. Bıçaqlanma səhnəsinin Viktor Tsoyun baş rolda oynadığı “İynə” filmi ilə oxşarlığı Yüzbəyovun Tsoy sevgisindən qaynaqlandığını düşünürəm. Seriyanın sonunda dostu Şakirə zəng edərək “Şakir, məni öldürdülər” deməyi Markesinn “Gözlənilən bir qətlin tarixçəsi” romanının sonluğu ilə eynilik təşkil edir. Burada həm həqiqəti deyənlərin, həm də insanları alçaldanların ölümünün labüd olduğu barədə düşünə bilərik. Adilin etdikləri, danışdıqları gözlənilən bir qətlin tarixçəsinə çevrilir, çünki o həqiqəti deyirdi. Ən azından müəllifin demək istədiyi budur.

Ümumilikdə, “Zəhər tuluğu” maraqlı başlanğıcla, kino/serialımızda olmayan bir obrazla qarşımıza çıxdığı halda, bunu sonuna qədər davam etdirmir. Hekayə, senari yerini didaktika dərslərinə, məsləhətlərə verir. Obrazın xətti inkişafı dayanır, əvəzində tamam başqa şeylərdən danışılır. Yenidən inkişafın başladığı və dramaturji həllərin olduğu məqamlar isə təkrarlarla, daha əvvəl deyilmiş ifadələrin yenidən qabağımıza qoyulmağı ilə yadda qalır. Pis-yaxşısı ilə “Zəhər tuluğu” milyonlarla baxış əldə edirsə, əsəri anlamağa çalışmaq həm də xalqı anlamağa çalışmaqdır. Kim bilir, “Zəhər tuluğu” bəlkə də təkcə dramaturgiyası ilə var olmağa çalışsaydı, heç bu qədər izlənməzdi.  Bəlkə də, həqiqətən xalqın ehtiyacı olan “həqiqətləri” kiminsə deməsidir. Kim bilir…

Hacı Səfərov