Əli Həsənov: ‘Dövlətin media siyasətini bərbad hala saldığımı, uçuruma yuvarladığımı deyirlər’

Əli Həsənov

‘Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, “uçuruma yuvarladıb”’

Bu fikirləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində son günlər barəsində səslənən fikirlərə münasibət bildirərkən yazıb.

O qeyd edib ki, siyasi mövqeyi, ölkəmizin keçdiyi inkişaf yolu, hazırkı durumu və gələcəyi ilə bağlı bütün polemikalara da həmişə hazırdır və sağlam tənqidi normal hal kimi qarşılayır:

“Barəmdə müzakirəyə çıxarılan müxtəlif şayiələrə, “kompromatlara” da dözümlü yanaşmışam, düşünmüşəm ki, demokratik cəmiyyətlərdə sözü bitən qüvvələrin belə ucuz vasitələrlə öz opponentlərini gözdən salmaq cəhdi Azərbaycan üçün də yenilik deyil. Lakin bu iddialar əndazəsini aşanda, “gözünü qan örtmüş bəzi siyasi avantüristlərin” və əlaltılarının sayıqlamaları bütün sərhədləri keçəndə öz sözümü demişəm və prinsipial mövqeyimi də ortaya qoymuşam”.

Əli Həsənovun Vəzirova məktubu haqda

Prezidentin köməkçisinin sözlərinə görə, artıq bir neçə gündür ki, 30-40 il bundan qabaq, tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda onun da adının keçməsi ətrafında kampaniya təşkil olunub.

“Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir?”

Əli Həsənovun sözlərinə görə, kampaniya başladanlar nə yaxşı ki, onun tribunada Leonid Brejnevi alqışlamağının şəklini verməyiblər.

Qurban Məmmədovla tələbə yoldaşı olmaq barədə

“Yaxşı ki, aktiv komsomolçu, ayrı-ayrı dövrlərdə tələbə-inşaat dəstəsində komandir olmağımdan yazmayıblar. Bu insanlar barmaqlarını sorub mənim haqqımda kompromat axtarsalar da, heç zaman tapa bilməyəcəklər. Çünki mən həyatımın hər anına məsuliyyət daşıyıram, hər anı üçün də cavab verməyə hazıram. Açığı, belə primitiv yollarla hamının tanıdığı bir məmuru nüfuzdan salmaq istəyənlərin normal ağıla və məntiqə malik olması ciddi şübhə doğurur”.

Ə. Həsənov qeyd edib ki, uzun müddətdir ki, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və hazırda xaricdə yaşayan Qurban Məmmədovla olan bir şəkli də sosial şəbəkələrdə ona qarşı ciddi “kompromat” kimi istifadə edirlər:

“Bu məsələyə bir dəfə münasibət bildirmişəm və bu gün bir daha təkrar edirəm ki, həmin şəkil 1994-cü ildə – mən Yeni Azərbaycan Partiyasında şöbə müdiri vəzifəsində işlədiyim zaman Vilayət Quliyevin bağında çəkilib. Həmin ilin mart-aprel aylarında biz nümayəndə heyətinin tərkibində birlikdə ABŞ-da səfərdə olmuşduq. Qayıdandan sonra Vilayət Quliyev məni bağına dəvət etdi və mən də dəvəti qəbul etdim. O ki qaldı Qurban Məmmədovla şəkilimin mənə qarşı kompromat kimi istifadə olunmasına, demək istəyirəm ki, onunla bir neçə il tələbə yoldaşı olmuşuq, eyni yataqxanada yaşamışıq”.

Prezidentin köməkçisi bildirib ki, tələbəlikdən sonrakı dövrdə Qurban Məmmədov dövlətə və hakimiyyətə qarşı mövqeyini dəyişdi və bundan sonra onunla bütün əlaqələri kəsib.

Medianı bərbad hala salmaqla bağlı

“Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, “uçuruma yuvarladıb”. Belələrinə bir cümlə ilə cavab vermək istəyirəm: əgər milli media təsisatlarının əsas fəaliyyəti insanların lazımi informasiya ehtiyaclarını ödəmək, fəaliyyət göstərdiyi ölkənin milli maraqlarını ifadə edərək, öz dövlətinin inkişafına, ictimai-siyasi həyatın sabitliyinə, vətəndaş maraqlarının qorunmasına, ictimai həyat normalarının təbliği və təlqin edilməsinə, cəmiyyətdə yaşanan proseslərinin şəffaf şəkildə əks olunmasına xidmət edirsə və bu mövcud sahənin hazırkı reallığıdırsa, onda hansı iflasdan söhbət gedə bilər”.

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının hazırda regionda öz gücü və nüfuzu ilə tanınması, qlobal informasiya məkanında fəal iştirak etməsi, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilməsi onun iflası hesab olunursa, o zaman belə məntiqlə mübahisə etməyin qətiyyən yeri yoxdur.

Məmurlar haqqında ağlasığmaz hədyanlar yağdıranlar…

“Diqqətinizi daha bir məqama yönəltmək istəyirəm. Maraqlıdır ki, mənim kimi yüksək statuslu bir məmurun, ölkə prezidentinin köməkçisinin haqqında istənilən informasiyaları müxtəlif vasitələrlə və istədikləri qədər tirajlayanlar, ayrı-ayrı KİV-lərə sərbəst müsahibə verərək hakimiyyəti sərt tənqid edənlər, özlərinin sosial media ünvanlarından məmurlar haqqında ağlasığmaz hədyanlar yağdıranlar eyni zamanda ölkədə azad media mühitinin olmamasından necə şikayətlənə bilərlər?”

Ə.Həsənov deyib ki, senzuranın hökm sürdüyü, medianın qeyri-azad olduğu bir ölkədə bu qədər sərbəst müzakirə mühiti, ümumiyyətlə, mümkündürmü?

“Əlbəttə, yox! Burada söhbət yalnız vaxtilə ölkəni xaosa və anarxiyaya sürükləmək istəyənlərin hazırda eyni ssenarini ən azından Azərbaycan mediasında tətbiq etmək cəhdindən gedə bilər. Təbiidir ki, Azərbaycan iqtidarı bu cür bədxah planların reallaşmasına heç zaman imkan verməyəcək!”.

“Əli İnsanov, Əli Kərimli, Cəmil Həsənli …”

Ə. Həsənov vurğulayıb ki, başdan-ayağa çirkab içində boğulan bu tipli insanlarla heç vaxt polemikaya girmək istəməyib, çünki onların onun haqqında tirajladığı “kompromatlar” ayrı-ayrı vaxtlarda Əli İnsanov, Əli Kərimli, Cəmil Həsənli və digər bu kimi iqtidara, xalqa və dövlətə qənim kəsilən şəxslər tərəfindən dövriyyəyə buraxılıb və boş, mənasız iddialar olduğu sübuta yetirilib.

“Üzümü bir daha AXCP sədri Əli Kərimliyə, “Milli Şura” adlanan qurumun 2013-cü ildə prezident İlham Əliyevə açıq mübarizədə uduzmuş sədri Cəmil Həsənliyə və fəallarına tutaraq bəyan edirəm ki, sizin hazırkı hiyləgər taktikanız da iflasa uğrayacaq”.

Prezidentin köməkçisinin sözlərinə görə, ölkə başçısının monolit komandasını daxildən parçalayaraq dağıtmağa cəhd edənlər buna nail ola bilməyəcəklər.

“Gündə bir əqidə dəyişən, hakimiyyət və onun təmsilçiləri haqqında yalan və qərəzli məlumatlar yayan, çirkin şayiələr uyduran, cılız və naqis metodlardan bəhrələnərək sədaqətli, mübariz hakimiyyət nümayəndələrini ləkələməyə çalışan sizlər bu yolla özünüzə heç bir hakimiyyət perspektivi yarada bilməyəcəksiniz. “Roma Papasından böyük katolik” kimi görünməyə çalışan və onu-bunu ləkələyəməkdə davam edən belələrinə bir məsləhətim var: şüşəli evdə oturub başqalarını daşa basmayın!”.