Ərdoğan öz çıxışını Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə bitirib [video]

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda çıxışı zamanı terrorizmə qarşı mübarizədə ikili standartlar siyasətindən imtinaya çağırıb.

Türkiyə liderinin sözlərinə görə, dünyanın heç bir yerində Suriyada olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində ikili standartlar siyasəti və qərəzlilik yoxdur.

Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, o, NATO-nu və Avropa İttifaqını Türkiyənin terrorçulara qarşı hərəkətini pisləməsini qınayıb.

Türkiyə lideri diqqəti bəzi ərəb dövlətlərinin mövqeyinə yönəldib.

“Suriyanı Ərəb Dövlətləri Liqasından kənarlaşdıran ərəb dövlətləri “Barış pınarı” əməliyyatı başladıqdan sonra birdən Dəməşqin ƏDL-ə üzvlüyünün bərpasını istəyiblər. Maraqlıdır, bu addımın əsl səbəbi nədir?”, – Ərdoğan deyib.

Prezident qeyd edib ki, Ankara Suriya ərazilərində Fərat çayından şərqə doğru əməliyyatlardan imtina etməyəcək və onu məntiqi sonluğa çatdıracaq.

“Barış pınarı” əməliyyatının guya etnik kürdlərə qarşı yönəlməsi, guya İŞİD terrorçuları ilə mübarizəni zəiflətməsi, Suriyanın etnik mənzərəsini dəyişəcəyi və bu ölkədə siyasi nizamlanmaya zərbə vuracağı barədə fikirlər yalan və cəfəngiyyatdır”, – Ərdoğan deyib.

O, çıxışını Azərbaycan Xalq Cümhuriyyətinin (AXC: 1918-20-ci illər) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə bitirib: “Bir kərə yüksələn bayraq bir daha enməz”