ABŞ səfirliyi: “Polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyirik”

ABŞ-ın Azərbaycandakı səfiri

ABŞ-ın Azərbaycan səfirliyi Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) oktyabrın 19-u Bakının mərkəzində təyin etdiyi mitinqlə bağlı bəyanat verib.

Bəyanatda bildirilir ki, Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19-u keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir.

“Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq. İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir”.

Nümayişlərin keçirilməsinə ardıcıl qadağa Azərbaycanı zəiflədir

Səfirliyin açıqlamasında deyilir ki, hökumətin şəhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək istəyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir.

“Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq”.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir.

Xatırlatma

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da 28 May metrostansiyası qarşısında mitinq keçirib.

Bakı Şəhər Baş polis İdarəsi mitinqin icra hakimiyyətinin razılığı olmadan keçirildiyini qeyd edərək 60 nəfərin saxlanıldığını, onlardan 18-nin inzibati cəza aldığını bildirib.

AXCP sədrinin müavini Vahid Məhərrəmli mitinqdən əvvəl və mitinqin keçirildiyi gün 20-dən çox şəxsin İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum edildiyini bildirib.

Mitinqin təşkilatçılarından Tofiq Yaqublu 30 sutka inzibati cəza alıb. Vəkili Tofiq Yaqublunun Nəsimi Rayon Polis İdarəsində 1 saat işgəncəyə məruz qaldığını bildirib.