Avropa Parlamentinin deputatları: “Azərbaycanla danışıqlar dayandırılsın”

Avropa Parlamentinin Sosial-demokrat qrupunun deputatları Bakının mərkəzində ötən həftəsonu keçirilən iki etiraz aksiyasında polislərin zorakılığı ilə bağlı bəyanat yayıblar. 

Bu barədə parlamentin vitse-prezidenti Keyti Piri açıqlama yayıb.

Vitse-prezident bəyanatda bildirib ki, ən son həyata keçirilmiş dinc etiraz aksiyalarının zorakılıq tətbiq etməklə yatırılması Əliyev rejiminin sərbəst toplanma və ifadə azadlığına hörmətsizliyinin bariz nümunəsidir.

Kati Piri

Açıqlamada deyilir ki, Azərbaycandakı etirazlarda onlarla etirazçı həbs edilib, döyülüb. Həmçinin müxalif Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli zorakılığa məruz qalıb.

“Xüsusilə gender zorakılığına diqqəti cəlb etmək üçün bir araya gələn qadın fəallara qarşı tətbiq edilmiş repressiya Azərbaycan hökumətinin gender bərabərliyinə sadiqliyinin açıq şəkildə riyakarlıq olduğunu sübut edir”, – Piri deyib.

Parlamentin sosial demokrat qrupunun xarici məsələlər üzrə koordinatoru Tonino Picula da Bakıdakı etirazlarla bağlı bəyanat verib.

Tonino Picula

Parlamentari Avropa İttifaqının xarici siyasәt vә tәhlükәsizlik mәsәlәlәri üzrә ali nümayәndәsi Federika Moqerinini rəsmi Bakı fundamental azadlıqlara hörmət edənə qədər Azərbaycan və Avropa İttifaqı arasında gedən danışıqları dayandırmağa çağırıb:

“Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığına hörmət etməli, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmalı və həbsdə olan bütün dinc etirazçıları, insan haqları fəallarını və siyasi məhbusları azad etməlidir”.