Azərbaycan-İran sərhəddində silahlı insident baş verib: ölənlər var

Azərbaycan-İran sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən 3 nəfər öldürülüb. Bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. 

Məlumatda bildirilir ki, 2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən üç nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunub.

Məlumatda daha sonra deyilir:

“Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, bir sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər iki sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç­ma­ğa cəhd göstər­iblər.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olun­muş və hər üç sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin­də və­fat edib­lər.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı bir ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, bir ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­ub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucu­larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir”.