Bakı Nəqliyyat Agentliyi ‘500 minlik avtobuslar’ məsələsinə niyə aydınlıq gətirmir?

Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobuslar yaxın aylarda Bakı yollarında istismara veriləcək. Bu barədə Agentliyin saytında məlumat dərc edilib. 

Rəsmi məlumata görə, paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakı ətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacaq.

Məlumatda o da qeyd olunur ki, gətirilən hər bir avtobusun qiyməti 519 min manatdır.

Sosial şəbəkələrdə bu məsələ ətraflında gedən müzakirələrdə istifadəçilər avtobusların qiymətinin şişirdildiyi ilə bağlı fikirlər səslənir.

Məsələni Abzas-a şərh edən BNA-nın sözçüsü Mais Ağayev bildirib ki, hansısa bir saytın yazdığı məlumata əsaslanıb qiymətlə bağlı fikir yürütmək və ya hər hansı bir rəqəm səsləndirmək doğru olmaz.

“Yaxın günlərdə bu avtobusların ictimaiyyətə təqdimatı olacaq. Bu zaman bütün zəruri məlumatlar açıqlanacaq”, – deyə Agentlik sözcüsü bildirib.

Mais Ağayev

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, Azərbaycanda müxtəlif korrupsiya sxemləri ilə dövlət satınalmaları həyata keçrilir. Onun sözlərinə görə, bu sahədə ciddi hərcmərclik var.

Ekspert problemin həllini tamam fərqli görür. Cəfərli deyir ki, Bakıda böyük şəhər bələdiyyəsi olmalıdır və bu sahə birbaşa onlara həvalə edilməlidir.

“Azərbaycanın bələdiyyə insititu olmadığından, Azərbaycanın nəqliyyat sistemində də bir hərcmərclik yaşanır. Müxtəlif qurumların yaradılması, nəzarət funksiyasının başqa-başqa icra qollarında olması, bu sahədə bir hərcmərcliyin hökm sürdüyünü deməyə əsas yaradır”.

‘Yarım milyona avtobus alınırsa, o pulun geri dönüşü təmin edilməlidir’

İqtisadçı bildirir ki, əslində nəqliyyat sistemi də biznesin bir növüdür. Bələdiyyə öz şirkətini də yarada bilər, öz biznesini də qura bilər. Necə ki, dünya ölkələrində, elə qonşu Türkiyədə bu belədir.

“Nəqliyyat sistemi birbaşa seçilmiş bələdiyyələrin nəzarətində olsa, bələdiyyələr bu satınalmalara görə məsuliyyət daşıyacaq, öz büdcəsindən alacaq və gəlirli sahəyə çevirəcək. Ancaq indi dövlət büdcəsi hesabına başqa bir qurum bunları həyata keçirir və ciddi korrupsiya sxemləri olmasını deməyə əsas verir”, – deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirir.

Natiq Cəfərli

Ekspert deyir ki, istənilən xərclər iqtisadi hesablamalara əsaslanmalıdır. Onun sözlərinə görə, bir avtobusa 520-530 min xərc çəkilirsə, o pulun hansı müddətdə geri dönüşü təmin edilməli, proqnozlaşdırılmalıdır.

“Nəqliyyat xərcləri nə qədər olmalıdır ki, bu geri dönüş təmin edilsin, bunun digər xərcləri nə qədər olacaq hesablanmalıdır. Bütün bunlar iqtisadi sənədə əsaslanmalıdır. Lakin Azərbaycanda belə müxtəlif korrupsiya sxemləri ilə dövlət satınalmaları həyata keçrilir”.

“BNA-nın ictimayyət qarşısında heç bir məsuliyyəti yoxdur”

Natiq Cəfərli bildirir ki, bu sahədə ən yaxşı yol Bakıda nəhayət böyük şəhər bələdiyyəsinin yaradılması, böyük şəhər bələdiyyəsinə birbaşa seçkilərin keçirilməsi və onun hesabatlı olmasıdır.

“Bu zaman, böyük şəhər bələdiyyəsinin də, bələdiyyə başqanının da öz büdcəsi olacaq, büdcə xərclərinə görə məsuliyyətli olacaq və seçicilər qarşısında da məsuliyyət daşıyacaq. Bu gün isə, təyin olunmuş Bakı Nəqliyyat Agentliyinin rəhbəri var, təyin olunmuş icra başçısı var və bunlar ancaq təyin edənin qarşısında məsuliyyət daşıyırlar, ictimayyətin qarşısında heç bir məsuliyyətləri yoxdur”, – deyə iqtisadçı Cəfərli bildirir.