Dunja Mijatović Azərbaycan hökümətini sərbəst toplaşmaq hüququnu tam təmin etməyə çağırır

Hakimiyyətin mövqeyini dəstəkləyənlər isə 19 oktyabr aksiyasında hüquq- mühafizə orqanlarının ilk növbədə adekvat davrandığını deyir.

“Azərbaycan polisi çox səbirlə, təmkinlə davranırdı. Bizim qanunvericiliyimizdə əcnəbilərin müdaxiləsinə, toplantıların təşkilatçısı olmasına icazə verilmir. Bir sıra qərb ölkələrinin səfirliklərinin qanunsuz müdaxiləsi ilə bağlı halları gördük. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı hesab edirəm ki, xəbərdarlıq etməlidir. Sosial şəbəkələrdə aktivlik var idi. Onlar bu prosesə qatılmırdılar”. Bunu deputat Əli Hüseynli Yeni Azərbaycan Partiyasında müxalifətin 19 oktyabr mitinqi ilə bağlı keçirilən toplantıda deyib. Xəbəri “Qafqazinfo” yayıb.

Deputat Səməd Seyidov çıxışında bildirib ki, şər qüvvələr Azərbaycanı yenə xaosa salmaq istəyirdilər: “XİN mövqeyini bildirib. Ancaq mən hesab edirəm ki, səfirliklərlə görüşülməlidir. Bu beynəlxalq təşkilatlara da öz müraciətimizi göndərməliyik. Qanunun aliliyindən danışan insanlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir”.

***

Ötən həftəsonu Bakıda baş verənlər, icazəsiz yürüşlərin polis tərəfindən qəddarlıqla dağıdılması polisin davranışı və Azərbaycanda insanların dinc etiraz hüququ sarıdan narahatlıq yaradır. Belə bir bəyanatla Avropa Şurasının İnsan haqları komissarı Dunja Mijatović oktyabrın 21-də çıxış edib.

Bəyanatda oktyabrın 19-da müxalifətin şəhər mərkəzindəki yürüşünün polis zorakılığı ilə dağıdıldığı, bir gün sonra qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı etirazın da oxşar aqibətlə üzləşdiyi vurğulanır. Son aksiyanın məramını nəzərə alaraq, ondan yayılan görüntülərin özəlliklə narahatlıq doğurduğu qeyd olunur, çünki “bu aksiyada qadınlara qarşı zorakılığın dayandırılması, Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiya olunmasına çağrılırdı”, – bəyanatda deyilir.

“Hüquq-mühafizə əməkdaşlarının qeyri-adekvat gücdən istifadə etməsini pisləyir, hakimiyyəti pis rəftarla bağlı iddiaları yubanmadan, effektiv araşdırmağa çağırıram. Hakimiyyət hüquq-mühafizə əməkdaşlarının dinc etirazçılara qarşı aşırı gücdən istifadəsini önləməkdən ötrü səmərələri tədbirlər görməli, sərbəst toplaşma azadlığına tam əməl olunmasını təmin etməlidir. Sələfimin vurğuladığı kimi, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş, ictimai aksiyalarla bağlı xəbərdarlıq proseduru Avropa standartlarına uyğun təmin olunmalı, belə nümayişlərin keçirilməsi üçün icazə tələb olunmamalı; əvəzində hakimiyyət təşkilatçının istədiyi məkanda ictimai toplantıların keçirilməsini asanlaşdırmalı və qorumalıdır”, – komissar bildirir.

Dunja Mijatović 19 oktyabr aksiyası günü yürüş təyin olunan məkanda internetin kəsilməsi, etirazları işıqlandıran jurnalistlərin xəsarət alması xəbərlərindən də narahatlığını dilə gətirir. “Hakimiyyəti bu kontekstdə ifadə azadlığı hüququna böyük diqqət ayırmağa çağırıram”, – o vurğulayır.

Komissar saxlanan şəxslərin əksəriyyətinin buraxıldığı anladığını, hakimiyyəti hələ də saxlanan dinc etirazçıları buraxmağa çağırdığını deyir.

Hakimiyyət təmsilçiləri hələlik, bu bəyanata reaksiya verməyiblər. Ancaq indiyədək ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğu bildirilib, beynəlxalq qurumların oxşar tənqidləri qətiyyətlə rədd olunub.

AB müxalifətin aksiyasında baş verənləri araşdırmağa çağırır

Avropa Birliyi oktyabrın 19-da müxalifətin Bakıda keçirdiyi yürüş zamanı onlarla adamın saxlanmasına reaksiya verib.

AB təmsilçisi Maja Kocijancic.

Birliyin sözçüsü Maja Kocijancic-in adından yayılmış bəyanatda deyilir:

“İzdihamın dağıdılması və iştirakçıların həbsi zamanı səbəbsiz olaraq aşırı gücdən istifadə olunması haqda məlumat gəlir. Belə insidentlər araşdırılmalıdır. Hakimiyyəti saxlanmış dinc etirazçıları buraxmağa çağırırıq”, – bəyanatda deyilir.

“Sərbəst toplaşma azadlığı fundamental hüquqdur və Azərbaycanın beynəlxalq öhdəliklərin uyğun olaraq bu hüququ tam edəcəyini gözləyirik”, – Maja Kocijancic deyib.