Ekspert: “Azərbaycanda polisə verilən müstəsna səlahiyyətlər beynəlxalq standartları da aşır”

Milli Məclisin deputatı Aqil Abbas polisə əlavə səlahiyyət verilməsi təklifini irəli sürüb.

Deputat parlamentin plenar iclasında çıxış edərək deyib ki, ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qadağandır.

Aqil Abbasın sözlərinə görə, polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox.

“Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”, – A.Abbas bildirib.

Məsələni Abzas-a şərh edən hüquqşünas Ələsgər Məmmədli deyir ki, zatən polisin belə bir səlahiyyəti var.

Hüquqşunas Ələsgər Məmmədli

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, polis əməkdaşları şübhəli hesab etdikləri şəsləri saxlayıb araşdırma apara bilərlər.

“Bu qanun var, yəni, polisin zatən belə səlahiyyəti var. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, polis əməkdaşları hansısa şəxsin davranışlarından şübhələnsə, təhlükəli hesab edilən hallar baş versə, həmin şəxsi saxlayıb müvafiq araşdırma apara bilərlər” , – deyə Ələsgər Məmmədli bildirib.

Hüquqşünas deyir ki, polisə verilən səlahiyyətlər aşırı dərəcədə genişdir. Onun sözlərinə görə, polislərə adekvat olmayan səlahiyyətlər də verilib.

“Bizdə polisə verilən səlahiyyətlər olduqca genişdir və hətta, polislərə adekvat olmayan səlahiyyətlər də verilib. Polis əməkdaşları ehtiyac hiss etdikdə elektroşokdan, gözyaşardıcı qazdan və silahdan rahatlıqla istifadə edə bilərlər”.

Hüquqşunasın sözlərinə görə, Azərbaycanda polisə müstəsna səlahiyyətlər verilib və bu, beynəlxalq standartları da aşır.

“Beynəlxalq statistikalarda bu hal narahatlıq doğuran hal kimi qeyd olunur”, – deyə Ələsgər Məmmədli bildirib.