Ekspert: “İnfilyasiya faizləri göstərilənlərdən azı 2 dəfə çoxdur”

Natiq Cəfərli

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 58 464,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Abzas xəbər verir ki, DSK-nin məlumatında iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyəri 3,5%, neft-qaz sektorunda isə 1,1% artdığı qeyd edilib.

“Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,9%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3%, sənayedə 2,5%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3%, digər xidmət sahələrində 2,2% artıb, tikintidə isə 5,6% azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 5 910,1 manata bərabər olub”, – deyə məlumatda qeyd olunub.

Məsələni şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, artımın anotomiyasına baxdıqda artımin əsasən neft sektoru ilə bağlı olduğunu görürük.

Onun sözlərinə görə, bu da neft qiymətlərində ilin əvvəlindən sıçrayışların olması ilə bağlıdır.

“Qeyri-neft sektoruna baxdıqda görürük ki, burda çox aşağı faizlərlə artım var. Əvvəlki illərdə olduğu kimi bu dəfə də artımın əsas yükü neft sektoru ilə bağlıdır. Bu da neft qiymətlərində ilin əvvəlindən sıçrayışların olması ilə bağlıdır. Hətta 70 dollara kimi qalxmışdı qiymətlər. Burada əsas faktor qeyri-neft sektorudur ki, orada da çox az, hardasa 1,5%-lik artım var”, – deyə ekspert bildirib.

N.Cəfərli deyir ki, ümumiyyətlə Azərbaycanda statistikalar siyasiləşib. Onun sözlərinə görə, ÜDM-lər və xarici ticarət dövriyəsi ilə bağlı statistikaları çox siyasiləşdirmək, şişirtmək mümkün olmur deyə, nisbətən real rəqəmlər verirlər.

“Dünya Bankının, Asiya İnkişaf Bankının və s. beynəlxalq qurumların da statistik məlumatları olur deyə, rəqəmləri çox da şişirdə bilmirlər. Lakin infilyasiya faizləri göstərilənlərdən azı 2 dəfə çoxdur. O 2,5%-lik artımın 1,5%-i infilyasiya rəqəmidir. Bunu hər gün artan ərzaq qiymətlərindən də görmək mümkündür. Ümumilikdə isə, Azərbaycanda statistikalar siyasiləşib”, – deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.