“Tutmadılar, buraxıdılar ki, get gəz, kef elə, öldür başqa balaları da” [video]

Elina Hacıyevanın ölümü ilə bağlı heç kəs həbs edilmədi.

Elina Hacıyevanın nənəsi: “Ay camaat, bilin, bizim dövlətimiz yoxdu, bizim uşaqlarımızı qoruyan yoxdu!”“Tutmadılar, buraxdılar ki, get gəz, kef elə, başqa balaları da öldür” Elina Hacıyevanın ölümü ilə bağlı birinci instansiya məhkəməsində proses yekunlaşdı. İttiham olunan direktor Sevinc Abbasova həbs edilmədi.Səhifəmizi bəyənin, bizi yaxından izləyin.

Publicerat av Abzas.net Torsdag 24 oktober 2019

Oktyabrın 24-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə intihar etmiş məktəbli Elina Hacıyevanın cinayət işi ilə bağlı məhkəmə iclasında hökm oxunub.

Abzas xəbər verir ki, hakim Azər Tağıyev sabiq direktor Sevinc Abbasovanın 3 il müddətinə pedaqoji fəaliyyətinə məhdudlaşma qoymaqla 2 il 2 ay müddətinə azadlığının məhdudlaşdırılması, maddi – mənəvi ziyanla bağlı hissənin qismən təmin edilməsi barədə hökmü elan edib.

Məhkəmədən sonra nidaçılar, ictimai fəallar məhkəmənin qərarına etiraz olaraq şüarlar səsləndiriblər.

Məhkəmənin hazırlıq iclasında istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verildiyi məlum olsa da, müdafiə vəkilləri bu barədə açıqlama verməyib.

Zərərçəkmiş tərəfin vəkilləri Emin İsayev və Sevinc Əliyeva istintaqın Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirildiyini və yekunlaşdıqdan sonra məhkəməyə göndərildiyini bildiriblər.

Xatırladaq ki, 4 aprel 2019-cu il tarixdə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü sözügedən məktəbin üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə 162 nömrəli tam orta məktəbin direktoru S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

11 iyul 2019-cu il tarixdə Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib, 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi Elina Hacıyevanın valideynlərinin nümayəndələrinin Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətini təmin etməyib.