Ermənistandan Avropaya ucuz avioreyslər açılır: 30 avroya Roma, Milan, Berlinə uçacaqlar

İrlandiya mərkəzli loukoster aviaşirkət olan “Ryanair” üzümüzə gələn ilin yanvar ayından etibarən Ermənistandan Avropa ölkələrinə ucuz aviareyslər təşkil edəcək. Bu haqda “Ryanair”in kommersiya direktoru David O`Brayn bu gün Yerevanda keçirdiyi press konfransda deyib.

“Biz bu gün bura gəlmişik ki, Yerevandan Avropaya üç istiqamətə Roma, Milan və Berlinə ucuz uçuşlar təşkil edəcəyimizi bildirək. Roma və Milana uçuşlar önümüzdəki ilin yanvar ayından, Berlinə isə gələn ilin yayından başlayacaq. Beləliklə Ermənistan “Ryanair”in işlədiyi 40-cı ölkə olacaq. Həmçinin, 2020-ci ilin yayından başlayaraq Ermənistanın Gümrü şəhərinin hava limanından Avropaya, Münxenin Memminqen hava limanına da uçuşlar təşkil ediləcək” – deyə O`Brayn erməni jurnalistlərinə deyib.

O`Brayn Ermənistandan ildə 130 mindən çox sərnişini daşıyacaqlarına ümüd edir. Beləliklə ermənilər “Ryanair”in ucuz uçuşlarından istifadə edərək ildə 20 milyon avroya qədər pula qənaət edəcəklər. Bundan əlavə “Ryanair” rəhbərliyi yaxın illərdə Ermənistanı Avropanın 86 şəhəri ilə əlaqələndirməyi qarşıya məqsəd qoyduqlarını da deyib.

Ermənistan Vətəndaş Aviasiyası Komitəsinin rəhbəri Tatevik Revazyan isə lragir.am saytına müsahibəsinə deyib ki, “Ryanair”in Ermənistana gəlişi ilə bu ölkədən Avropaya hava yolları kəskin ucuzlaşacaq.

Xatırladaq ki, “Ryanair” aviaşirkəti bundan öncə avqustda Gürcüstan bazarına girmiş, Tbilisi və Kutaisi aeroportlarından Avropa Birliyi ölkələrinə 12 birbaşa reys açmışdı. Bu reyslərlə gürcülər Avropa şəhərlərinə 20-30 avroya, yəni Azərbaycan hava yolları şirkəti olan AZAL-ın qiymətləri ilə müqaisədə təqribən 10 dəfə ucuz qiymətə uça bilirlər.