“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrindən istifadə leqallaşdırılacaq”

Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri

“Az miqdarda narkotik istifadəsinin qadağan olunduğu ölkələrdə bu, kriminala yol açır və polisin nəzarətinə keçir. Çox zaman da kriminalla polisin bir əməkdaşlığı yaranır”

Bu sözləri Abzas-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçərinin “gec-tez Azərbaycanda yüngül narkotik vasitələrindən istifadə leqallaşdırılacaq” fikirlərini şərh edən ekspert deyir ki, leqallaşma olmayanda, bu sahədə də ciddi korrupsiya və cinayət mexanizmləri yaranır. Onun sözlərinə görə, leqallaşma dövlət büdcəsinə əlavə vəsaitlər gətirəcək.

“Leqallaşma olmayanda, bu sahədə də ciddi korrupsiya və cinayət mexanizmləri yaranır. Məsələn, az miqdarda narkotikin istifadəsi ilə bağlı qanun ilk dəfə Hollandiyada qəbul olunub. Bu qanun Hollandiyada kriminalın səviyyəsinin aşağı düşməsinə gətirib çıxardı.

Eyni zamanda, ciddi vergiləndirmə də oldu. Təbidir ki, qanun qəbul olunduqda hər kəs bunun satışı ilə məşqul ola bilməyəcək. Lisenziyalar alınmalıdır və bu da çox baha olacaq. Bu sahədə vergilər də yüksəkdir, 45%-ə qədər. Bu da, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması deməkdir”, – deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Millət vəkili Aydın Mirzəzadə isə mətbuatda qanunun əleyhinə olduğunub bildirib. Millət vəkili deyib ki, Azərbaycanda narkotik istifadəsi idarəolunmaz vəziyyətdə deyil və dövlət ciddi addımlar atır.

Aydın Mirzəzadə

Onun fikrincə, bu qanun o ölkələrdə qəbul olunur ki, narkotikdən istifadə geniş hal alır, getdikcə də genişlənir.

“Ancaq Azərbaycanda bu belə deyil, dövlət ciddi addımlar atır. Bəli, zaman-zaman İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsi cəhdini görürük və ya elə Azərbaycanın özündə narkotik plantasiyaları aşkar edilir. Ancaq onu da görürük ki, dövlət bunlara lazımınca reaksiya verib, qarşısını alır”, – deyə millət vəkili bildirib.

Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri deyib ki, gec-tez Azərbaycanda yüngül narkotik vasitələrindən istifadə leqallaşdırılacaq.

Onun sözlərinə görə, bir çox ölkələrdə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində isə bu məsələ müzakirə edilir.

“Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onların çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır.

Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeydə alınıb”, – deyə Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri bildirib.