Gürcüstanda məhbusun ölümünə görə türmə rəisi işdən qovulub: nazir özü işə qarışıb

Gürcüstanın ədliyyə naziri Teya Çulukiyani.

Gürcüstanın ədliyyə naziri Teya Çulukiani Kutaisi şəhərindəki 2-saylı həbsxananın müdirini işdən qovub. Nazir bununla bağlı dünən jurnalistlərə açıqlama verib və deyib ki, 2-saylı həbsxanada məhbus intihar edib, insidentlə bağlı həbsxana rəhbərliyinə qarşı “vəzifə səlahiyyətlərini aşma” və “özümü öldürmə halına çatdırma” maddələri ilə cinayət tədqiqatına başladılıb.

Nazirin sözlərinə görə intihar edən məhbus 36 yaşında olub və o sentyabrın 27-də Zuqdidi qəbirsanlığında qardaşını öldürdüyünə görə həbs olunub. Onu Penitesiar xidmətin Kutaisidəki 2 saylı həbsxanasında elektron-vizual nəzarət altında saxlayıblar.

Elə həmin gün o həbsxana kamerasında özünü öldürüb. Penitensiar xidmətin əməkdaşları həbsxana həkim briqadasını və təcili yardımı çağırsalar da məhbusun həyatını xilas etmək mümkün olmayıb.

Nazir deyib ki, “Biz məhkəmə tibbi-eksperizasının rəyini gözləyirik və öyrənmək istəyirik ki, bu məhbusun özünü öldürməsinin qarşısını almaq mümkün idimi. Buna müvafiq olaraq da penitensiar xidmətin əməkdaşlarını cinayət məsuliyyətinə cəlb edəcəyik” – deyə Çulkiani bəyan edib.