Gürcüstanın baş naziri İlham Əliyevlə “David Qareci” məbədini müzakirə edib

Gürcüstanın baş naziri və Azərbaycan prezidenti

“David Qareci kompleksinin kilsələri sabahdan etibarən gürcü ruhaniləri üçün açılır”.

Bu barədə Gürcüstan baş naziri Georgi Qaxariya oktyabrın 10-da hökumətin iclasında Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, David Qareci məsələsi İlham Əliyevlə görüşdə qaldırılıb.

“David Qareci monastır kompleksi kimi mühüm məsələyə toxunmaya bilməzdik. Hamımız təəssüf ki, Gürcüstan və Azərbaycan arasında müəyyən edilməmiş sərhəd hissələrinin olduğunu xatırlayırıq. Bu, bizim postsovet irsimizdir və bu problem 25 il ərzində həll edilməyib.

Azərbaycan prezidenti deyib ki, bizi birləşdirən tariximiz və coğrafiyamız var və əlbəttə ki, coğrafiya və tarixin dostları və tərəfdaşları ayırmadığı, əksinə, birləşdirdiyi ilə tamamilə razıyam.

Məhz bu əsaslarla bizim cari problemlər haqqında tamamilə açıq söhbətimiz olub və nəticədə, sizə deyə bilərəm ki, David Qareci kompleksinin kilsələri sabahdan etibarən gürcü ruhanilər üçün açılacaq. Nəticə etibarilə, biz bu istiqamətdə ciddi irəliləyiş əldə etməliyik”, deyə Georgi Qaxariya bildirib.

Baş nazir bildirib ki, vətən sevgisi, vətənpərvərlik saxta vətənpərvərlik hücumları və düşünülməmiş addımlar demək deyil.

“Biz dəfələrlə qeyd etmişik ki, bu problem hər iki ölkənin milli maraqları, tarixi irs və kilsə maraqları nəzərə alınmaqla həll edilməlidir. Bu, yanaşmamızın ən mühüm komponentidir”.

Həmçinin, Qaxariya bildirib ki, hər bir addımda, deyilən sözdə müstəsna məsuliyyət və ehtiyatlılıq nümayiş etdirilməlidir

“Hamımız başa düşməliyik ki, vətən sevgisi, vətənpərvərlik saxta vətənpərvərlik hücumları və düşünülməmiş addımlar demək deyil”, deyə Georgi Qaxariya bildirib.

Xatırlatma

David Qareci (Keşikçi Dağ – Azərb.) Gürcüstan və Azərbaycan sərhədində orta əsrlərə aid mağara tipli monastır kompleksidir.

Monastırın 25 binasından ikisi Azərbaycan ərazisindədir. 2019-cu ilin əvvəllərində Gürcüstan prezidenti Salome Zurabişvili monastırı ziyarət etdikdən və monastırın taleyini həll etmək lazım olduğunu bəyan etdikdən sonra burada vəziyyət gərginləşib.

Buna cavab olaraq, Azərbaycan öz ərazisinə girişi bağlayıb. Bundan sonra Gürcüstan vətəndaşlarından ibarət böyük bir qrup Azərbaycan sərhədçilərinə hücum edib, dövlət sərhədini pozub. Bu, vəziyyəti daha da gərginləşdirib. Bir həftə əvvəl Azərbaycan bu hissədə yeni sərhəd zastavası açıb.