Hakimiyyət noyabrın 2-də mitinq keçiriləcəyi təqdirdə müxalifət liderlərini həbs edəcəyini deyir

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.

Dövlət qurumlarının yaydığı birgə açıqlamada deyilir ki, Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və aksiyanın təşkilatçıları tərəfindən qanunla qadağan edilmiş yerdə planlı şəkildə təşkil olunmuş həmin mitinqlər zamanı polisin qanuni tələblərinə məhəl qoyulmamaqla hüquqazidd əməllərin davam etdirilməsi ətrafdakı insanların haqlı narazılığına gətirib çıxarıb.

“Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, son günlər Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər noyabrın 2-də Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir”.

Polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq…

Açıqlamada deyilir ki, ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış, axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər, o cümlədən “AzerbaycanSaatı”, “Turan Tv”, “AzerFreedom TV”, “Meydan Tv”, “OsmanqızıTv” və digər kanallar vasitəsilə mitinqə çağırılır.

“Həmçinin, oktyabr ayının 19-da öz peşə borcunu yerinə yetirib ictimai asayişin pozulmasının qarşısını almış polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, asayiş keşikçilərinə qarşı sosial ədavət və düşmənçilik hisslərinin oyadılmasına yönəlmiş təbliğat aparılır”.

Bütün məsuliyyət müxalifətin üzərinə…

Dövlət qurumlarının açıqlamasında bildirilir ki, Milli Şura adlandırılan qurumun noyabrın 2-də mitinq keçirmək barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq mitinq üçün “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilib, lakin təşkilatçılar həmin tarixdə yenə də metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.

“Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək”.

Həmçinin, açıqlamada deyilir ki, qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” Qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcək.