Hökumət beynəlxalq skandalın altından necə çıxacaq? [Reaksiyalar]

Bu günlərdə “REAL TV” Mirşahin Ağayevin “Hesabat” verlişində Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Gülətəkin Hacıbəlinin Amerikanın Azərbaycandakı səfriliyinin əməkdaşı ilə, o cümlədən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə danışıqlarını əks etdirən səs yazıları yayıldı.

Gizli yolla əldə edilən səs yazılarında Gülətəkin Hacıbəyli və diplomatlar arasında ictimai-siyasi məsələlər müzakirə olunurdu. Sıradan bir diplomatik söhbəti isə, Mirşahin Ağayev drammatikləşdirib yaydı.

Məsələ ilə bağlı ölkənin ictimai-siyasi səhnəsində ciddi reaksiyalar oldu. Abzas.net olaraq ictimai-siyasi şəxslərin fikirlərini, o cümlədən Gültəkin Hacıbəylinin, ABŞ səfirliyinin və Mirşahin Ağayevin açıqlamasını sizə təqdim edirik.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi insitutunun sədri Anar Məmmədli yazır ki, Mirşahin Ağayev jurnalist etikasına milyonuncu dəfə tüpürərək, bunu efirə verib. Onun sözlərinə görə, məsələ beynəlxalq qalmaqala səbəb ola bilər.

Anar Məmmədli

“Xüsusi xidmət orqanları Milli Şuranın rəsmisi Gültəkin Hacıbəylinin ABŞ və Avropa Birliyi diplomatları ilə telefon danışığı və görüşünün səsyazılarını hazırlayaraq, REAL TV-yə təqdim edib. Mirşahin də jurnalist etikasına milyonuncu dəfə tüpürərək, bunu efirə verib. Bu beynəlxalq qalmaqalın altından necə çıxacaqsız? İndi məlum olur ki, ölkənin milli təhlükəsizliyinin müdafiəsi nə gündədir! Rejimin təhlükəsizliyi ilə milli təhlükəsizliyi səhv salmayın”, – deyə Anar Məmmədli qeyd edib.

İctimai fəal Bəxtiyar Hacıyev isə deyir ki, indi guya, bunlar prezidentə yaxşılıq edirlər? Başa düşürlər elədikləri nə deməkdir?

Onun sözlərinə görə, burada bir dənə qeyri-adi hadisə varsa, o da gizli dinlənən telefon və restoran söhbətinin TV-də yayılmasıdır.

Bəxtiyar Hacıyev

“REAL TV Gültəkin Hacıbəylinin ABŞ və Avropa İttifaqı diplomatları ilə səs yazısını yayıb. Danışıqda qeyri-adi heç nə yoxdur, Mirşahin drammatik təqdimat etsə də. Qeyri-adi isə gizli dinlənən telefon və restoran söhbətinin TVdə yayılmasıdır. Özü də ABŞ və Avropa diplomatlarının. Özü də onların icazəsi olmadan. İndi guya, bunlar prezidentə yaxşılıq, xidmət edirlər? Başa düşürlər elədikləri nə deməkdir?”, – deyə ictimai fəal sual edib.

Seçki eksperti Bəşir Süleymanlı da hadisəni pisləyib. Onun sözlərinə görə, xarici diplomatların səs yazılarının yayılması çox pis hadisədir.

Bəşir Süleymanlı

“Xarici diplomatların səs yazılarının yayılması çox pis hadisədir. Ümid edirəm ki, hakimiyyətdə kimsə bunun doğru olmadığını anlayar. Bütün beynəlxalq sənədlərı, konvensiyaları rədd edərək dünyadan təcrid edilmənin axırı olmur. O ki qaldı diplomatla danışmağa, burada qeyr-adi heç nə yoxdur. İnsan hüquqlarının müdafiəsi ilə bağlı ABŞ-ın, Avropa Birliyinin öhdəlikləri var. Və daim müzakirə aparır və məlumat alırlar. İnsan hüquqları heç bir dövlətin daxili işi deyil”, – deyə Bəşir Süleymanlı bildirib.

AXCP sədri Əli Kərimli isə deyir ki, Gültəkin Hacıbəyli öz işini görüb. Onun sözlərinə görə, Gültəkin Hacıbəyli Milli Şuranın Beynəlxalq Münasibətlər komisiyasının sədridir və onun birbaşa vəzifəsi diplomatlarla əlaqədə olub ictimai-siyasi məsələlərlə bağlı Milli Şuranın mövqeyini çatdırmaqdan ibarətdir.

Əli Kərimli

“Azərbaycan dövləti adına nümayiş olundu ki, təkcə Azərbaycan vətəndaşlarına yox, beynəlxalq aləmə münasibətdə də hüquq tanımırlar. Bu ciddi pozuntudur ki, ölkədəki iki ən ciddi beynəlxalq missiyanın təmsilçiləri dinlənilib. Avropa İttifaqı və ABŞ Azərbaycanda ən ciddi diplomatik missiyalardır. Utanmadan bu missiyaların təmsilçilərinin səslərini dinləyiblər, bunun qanun pozuntusu olduğunu anlamadan yayıblar və sonra da məcbur olub siliblər”, – deyə AXCP sədri Əli Kərimli bildirib.

REAL Partiyasının funksioneri Azər Qasımlı deyir ki, bu məsələ ciddi diplomatik qalmaqala çevrilə bilər. Onun sözlərinə görə, diplomatların səs yazısını yazmaq və ictimailəşdirmək beynəlxalq sazişlərə, qaydalara ziddir.

Azər Qasımlı

“Mirşahinin verilişində Milli Şura nümayəndəsinin xarici diplomatlarla olan danışığının audio yazısının ictimailəşdirilməsi ilə bağlı qərarın kimin tərəfindən verildiyi çox maraqlıdır. Bunu edən şəxs bu məsələnin fəsadlarını heç düşünübmü? Bu məsələ ciddi diplomatik qalmaqala çevrilə bilər. Çünki diplomatların səs yazısını yazmaq və ictimailəşdirmək beynəlxalq sazişlərə, qaydalara ziddir. Üstəlik bu audio yazılarda ciddi heç nə də yoxdur. Müxalifət nümayəndəsinin xarici diplomata verdiyi “hesabat” kimi təqdim edilməyə çalışılan məsələ isə adi məlumatlandırmadır. Yeri gəlmişkən bu və digər diplomatlarla bizim də əlaqələrimiz daima var. Bu siyasətçilərin adi iş rejimidir. Bu Azərbaycanda da, dünyanın hər yerində də belədir. Bir sözlə hökumət həm özünü, həm ölkəmizi biabır etməkdə davam edir…”, – deyə REAL Partiyasının funksioneri bildirib.

Müsavat başqanı Arif Hacılı da baş verənləri pisləyib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən diplomatların səs yazısının hakimiyyətin nəzarəti altında olan televiziya kanalında səsləndirilməsi ilə Azərbaycan höküməti ölkə qanunlarına, beynəlxalq hüquq normalarına, hətta elementar sivil davranış qaydalarına əməl etmək qabiliyyətində olmadığını bir daha göstərdi.

Müsavat Partiyasının başqanı Arif Hacılı

“Kübarlıq görüntüsü yaratmaq məqsədi ilə burada təşkil edilən lazımsız konsertlər, bahalı qəbullar, idman yarışlarına xərclənən milyardlar da heç oldu. Yenə Azərbaycana ziyan dəydi. Son həftənin hadisələri bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti dövləti idarə edə bilmir, səriştəsizdir, primitivdir, iflasa uğrayıb”, – deyə Müsavat başqanı Arif Hacılı bildirib.

Səs yazısındakı danışıqların iştirakçısı olan Gültəkin Hacıbəyli də məsələni şərh edib. Siyasətçi deyib ki, Azərbaycan hakimiyyəti növbəti rüsvayçılığına imza atıb.

“hakimiyyətin ruporu olan REAL TV-nin efirində Cəlal Əliyevin dostu olan jurnalistin dililə Azərbaycan hakimiyyəti növbəti rüsvayçılığına imza atdı. AZERCELL mobil operatoru növbəti cinayət əməlinin iştirakçısına çevrildi! Mənim ABŞ səfirliyinin və Avropa Birliyinin nümayəndələrilə telefon danışığım, hətta işgüzar görüşüm yazılırmış! Təsəvvür edirsinizmi, Azərbaycan hakimiyyəti ABŞ səfirliyinin və Avropa Birliyinin diplomatlarının görüşlərini, telefon danışıqlarını yazır və ağlı çatmadığından bunu milyonların qarşısında faş edir! Rəzalət olarmış, amma bu qədər də yox!.

Gültəkin Hacıbəyli

Dostlar, başlarını o səviyyədə itiriblər ki, nə etdiklərini bilmirlər! Əli Kərimliyə qarşı dünənki işgəncəyə ABŞ və Avropa Birliyindən sərt reaksiya gələcəyindən qorxan Azərbaycan hakimiyyəti bu yolla ABŞ və Avropa Birliyini şantaj edir! Ancaq düşünmürlər ki, həmin ölkələrin baxış bucağından, dövlət maraqlarından baxdıqda bu ölkələrin diplomatlarının şəxsi həyat və diplomatik toxunulmazlığına qəsd daha böyük rüsvayçılıq və cinayətdir! Bunu anlamayacaq dərəcədə abdal hökumətin sonuna yəqin ki, çox qalmayıb! Səbirsizliklə Vaşinqton və Brüsseldən bu diplomatik qalmaqala reaksiya gözləyirəm!”, – deyə Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirib.

Amerika Səfirliyi isə bildirib ki, ABŞ-ın Azərbaycanda sabitliyin pozulmasında maraqlı olmasına dair mətubatda yayılan ittihamlar yalandır və absurtdur.

REAL TV-nin rəhbəri Mirşahin Ağayev də açıqlama yayıb. Mirşahin Ağayev bildirib ki, səs yazılarının yayılmasının prezidentin köməkçisi Əli Həsənovla heç bir əlaqəsi yoxdur.

“Real TV ABŞ səfirliyindən üzr istəməyib, üzr istəmək niyyəti də yoxdur, kanal yalnız həmin səfirliyin təkzib məktubunu efirə verib və ümumiyyətlə diplomatlarla bağlı məsələnin Prezidentin köməkçisi Əli Həsənovla heç bir bağlılığı yoxdur. Cəfəngiyyatdır.”, – deyə jurnalist Mirşahin Ağayev bildirib.