Hökumət zamanla ayaqlaşa bilmir [analitika]

Bakının mərkəzi, metronun “28 May” stansiyasının ətrafı oktyabrın 19-da günorta saatlarından etibarən gücləndirilmiş polis dəstələri, çevik polis alayı tərəfindən mühasirəyə alınıb.

Buraya çoxsaylı hüquq-mühafizə qüvvələri cəlb edilib, insanların və avtonəqliyyatın hərəkəti qadağan edilib. Güc addımları sosial şəbəkələrdə informasiya boşluğu yaratmaq cəhdləri ilə müşaiyət olunur.

Paytaxtın mərkəzində internet kəsilib. Ölkənin regionlarında internetin sürəti minimuma endirilib. Və bütün bunlar müxalifətin söz, toplaşmaq azadlığını, əhalinin əksər hissəsinin yaşaması üçün vəsaitlərini məhdudlaşdıran prezident Əliyev administrasiyasının siyasətinə etiraz aksiyasına çağırışına qabaqlayıcı reaksiyadır.

Həqiqətən də, Azərbaycanda müstəqil KİV ya mövcudluğuna son qoyub, ya da sürünür, əsas ənənəvi kütləvi yayım vasitələri – TV birmənalı olaraq hökumətin nəzarəti altındadır və alternativ səslərin onlara çıxışı qadağan edilib.

Toplaşmaq azadlığı minimuma qədər məhdudlaşdırılıb. İnternetdə xəbər zolaqlarını isə hətta qapalı məkanlarda və məhdud sayda insanın toplaşmasının belə qadağan olunduğu hallar haqqında çoxsaylı məlumatlar bəzəyir.

Müxalifətin kifayət qədər sivil addımlarının qarşısı səbəbli və ya səbəbsiz olaraq alınır. Sifarişli həbslər və məhkəmə qərarları hələ də ictimai həyatın norması olaraq qalır. İnhisarları, korrupsiyanı, vəzifə səlahiyyətlərindən sui-istifadələri heç kim aradan qaldırmayıb.

Minimum pensiya və əmək haqlarının sonuncu artımları isə vətəndaşların manatın ikiqat devalvasiyasından və xüsusən ilkin tələbat mallarının iki dəfəyə yaxın qiymət artımından sonrakı itkilərinin yerini doldura bilməyib.

Oktyabrın 15-də Əliyev öz administrasiyasının iqtisadi blokunun iclasını keçirib. O, iclasın açıq hissəsindən böhranın aradan qaldırılması səylərinin nəticə verməsi, nüfuzlu beynəlxalq qurumların bunu qeyd etməsi və komandasının yenilikçi hissəsinin böhranın ardıcıl şəkildə aradan qaldırılmasına yönəlməsi haqqında mesaj vermək üçün istifadə edib.

Prezident yenə ünvansız olaraq korrupsionerləri, rüşvətxorları, vergidən yayınanları, onun və həmfikirlərinin həyata keçirdikləri islahatlara əngəl törədən məmurları təhdid edib. O, öz çıxışlarında dolayı yolla etiraf edib ki, bütün sahələrdə mənfi hallar olub və o, onları aradan qaldırmaq niyyətindədir.

Prezidentin bu cür çıxışları ildən-ilə təkrarlanır, amma ölkənin və adi vətəndaşların həyatında çox az şeyi dəyişdirir. Hətta cəmiyyətə məlumat verilməsi üzrə hazırki yeniliklər belə auditoriyanı heç bir rəsmi sənəddə təsdiqini tapmayan islahatların həqiqətən başladığına və ya ən azından başlamaq ərəfəsində olduğuna inandıra bilməz. Bu, sistemin, indiki halda siyasi və iqtisadi sistemin müddətinə görə operativ olan yenidənqurmasıdır. Bəlkə də, yalnız ikincisinin. Dünya təcrübəsi dəyişir.

Əliyev iclasda diqqəti sosial-iqtisadi məsələlər blokuna cəlb edib, məsələnin siyasi tərəfi haqqında heç nə deməyib. Bununla da belə bir nəticəyə gəlmək olar ki, administrasiya hakim elitanın biznes strukturunun Azərbaycanda azad və rəqabətli biznesin inkişafına imkan verməyəcək üstünlüyünün qorunub-saxlanması şərtilə iqtisadiyyatın qismən restrukturizasiyasına hazırdır.

15 oktyabr iclasının keçirildiyi yer (hökumət binası deyildi), iştirakçıların formatı, onun işıqlandırılmasında prezidentin nitqindən daha çox yenilik var idi. Belə bir təəssürat yaranır ki, formatı və işıqlandırmanı başqaları yaradıb, nitqi isə əvvəlki spiçrayterlər hazırlayıb.

Prezidentin “Azəravtoyol” dövlət şirkətinin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin rəhbərləri ilə sonrakı iki görüşü qeyri-ənənəvi və işgüzar formatda keçirilib və dövlət başçısının fəaliyyətinə yenilik bəxş etmək məqsədi güdüb. Amma Rusiya imicmeykerlərinin 90-cı illərdə istifadə etdiyi bu format belə artıq, prezidentin özünün nitqləri kimi, zamana ayaq uydurmur.

Əhalinin müxalif informasiya fəallığı qar topası kimi artır və hakimiyyət öz işini zamanın tələblərinə uyunlaşdırmağı çatdırmır, bacarmır da. Formatlar, ideyalar, fikirlər, mesajlar – hamısı keçmişdən qalıb.

Əvvəllər də olduğu kimi, administrasiyanın bu informasiya, təşkilati, siyasi, iqtisadi qüsurlarını qanun və vətəndaşların maraqlarının keşiyində deyil, hökumətin maraqlarının keşiyində duran hüquq-mühafizə sistemi öz qalxanı ilə örtür.

Oktyabrın 19-da minlərlə polis paytaxtın mərkəzini müxalifətin və onun tərəfdarlarının aksiyasından qorumağa müvəffəq oldu. Yüzlərlə insan, o cümlədən Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli həbs edildi. Amma şəhərin mərkəzinə keçidlərdə qarşısı kəsilən sakinlər yerdəyişmələrini məhdudlaşdıran addımları, eləcə də bütünlükdə hakimiyyətin siyasətini müxalifət tərzi ilə pisləyib.

Narazılıq siyasi xəbərlərlə maraqlanmasalar belə, çox sayda bloklanmış internet istifadəçilərini də əhatə edib (onlar hələ öz sözlərini deyəcəklər). Hakimiyyət adətən doğrulmayan ümidlərlə başa çatan addımları, təkcə potensial mitinq iştirakçılarının deyil, kənar müşahidəçilərin belə azadlıqlarının məhdudlaşdırılması ilə öz əleyhdarları cərgələrinə daha çox keçmiş meşşanları cəlb edir. Zaman hökumətin fəaliyyətindən daha sürətlidir.